Bu gün Dövlət Neft Şirkətinin baş ofisində Daxili Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası keçirilib.
ERtv-nin SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iclası açaraq qeyd edib ki, şirkət istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir.
2013-cü il fevralın 17-də 2013-2014-cü tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla ölkənin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilib, müsabiqədə ali məktəblərin bakalavriat pilləsinin I-IV və magistratura pilləsinin I-II kurs tələbələri iştirak ediblər.
SOCAR-ın təqaüdünü almaq üçün müraciət etmiş 2357 tələbədən 1975 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanıb, onlardan 1639-u test imtahanına buraxılıb.
Mayın 4-də müsabiqənin I mərhələsi - test imtahanı keçirilib və ixtisas qrupları üzrə müvafiq keçid balını toplayan 280 nəfər namizəd Daxili Təqaüd Proqramının 2-ci mərhələsinə - müsahibəyə vəsiqə qazanıb.
Mayın 19-dan iyunun 2-dək həftədə 3 gün olmaqla şirkətin mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibələr keçirilib. Müsabiqənin şərtlərinə görə hər kurs üzrə 4 baldan yuxarı qiymət toplayan ilk 40 nəfər təqaüdçü seçilir.
İclasda keçirilən müsahibənin nəticələrinə nəzər salınıb və qeyd olunan şərtə cavab verən 126 nəfər namizəd təqaüdçü seçilib. Onlardan 51 nəfəri qaz-neft-mədən, 18 nəfəri avtomatika və İKT, 16 nəfəri kimya-texnologiya, 9 nəfəri tikinti, 9 nəfəri energetika, 7 nəfəri mexanika, 7 nəfəri geoloji-kəşfiyyat, 5 nəfəri iqtisadiyyat, 4 nəfəri isə ekologiya ixtisas qruplarından seçilib.
Qeyd olunub ki, bu il şirkətin təqaüdünü almaq üçün müraciət edənlər daha çox Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti və İqtisad Universitetinin II və III kurs tələbələri olub.