Futbol üzrə Kamerun yığmasının futbolçuları komandanı Braziliyada keçiriləcək Dünya çempionatına aparmalı olan təyyarəyə minməkdən imtina ediblər.
ERtv İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.
Məlumata görə, buna oyunçular ilə milli futbol federasiyası arasında mundilada iştiraka görə veriləcək mükafatın həcmi ilə bağlı fikir ayrılığı səbəb olub. Federasiya tərəfindən sifariş olunan təyyarə bazar günü səhər Kamerunun paytaxtı Yaundedən uçmalı idi.
Eyni zamanda, federasiyanın rəsmi saytında başqa versiya irəli sürülüb. Federasiya rəsmilərinin iddiasına görə, mükafatların həcmi əvvəlcədən futbolçularla razılaşdırılıb və tərəflər arasında əldə olunan razılaşmaya görə, pullar yalnız turnirdən sonra ödənməli idi. Bazar günü isə futbolçular gözlənilmədən turnirdə keçirəcəkləri ilk oyuna görə pul mükafatlarını tələb ediblər.
“Futbolçular öz mövqelərində israrlıdırlar. Kamerunun bütün bankları problemin həlli üçün tələb olunan vəsaitin əldə olunmasına cəlb ediliblər”, - deyə federasiyanın məlumatında bildirilir.