Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23- 27-də Strasburqda keçiriləcək yay sessiyasının gündəliyi açıqlanıb.
ERtv AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiyanın ilk günündə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək.
Sonra parlamentarilərin suallarını cavablandıracaq
Həmin gün qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqda tərəqqi hesabatı veriləcək, Makedoniya və Ukraynada keçirilmiş seçkilərlə bağlı müzakirələr aparılacaq.
İyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxış edəcək. Sessiyanın gedişində Avropa Şurası baş katibi vəzifəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək.
Bundan başqa, Qərbi Səhra münaqişəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müstəqilliyinin möhkəmləndirilməsi, yuvenal ədliyyə və bir sıra digər mövzularda debatlar keçiriləcək.