Azərbaycan Dövlət Musiqili Teatrı bölgələrə növbəti qastrol səfərinə hazırlaşır.
Azərbaycan Dövlət Musiqili Teatrından ERtv-yə bildiriblər ki, teatrın repertuarında olan “Hərənin öz ulduzu” (Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası iyunun 11-də Xaçmaz, 12-də isə Quba şəhərlərində olacaq.
Tamaşada əsas rollarda respublikanın xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva çıxış edəcəklər.
Tamaşaların nümayişi saat 17:00-da, Heydər Əliyev adına Xaçmaz şəhər Mədəniyyət Evində, saat 12:00 və 16:00-da isə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Evində olacaq.
Teatr rəhbərliyinin təşkilatçılığı ilə keçirilən qastrol səfərinin məqsədi, yay mövsümü ilə əlaqədar olaraq bölgə əhalisinin mədəni istirahətini, eləcə də bölgələrdə yaşayanların sevimli teatrı və aktyorları arasında canlı təmas yaratmalarını yüksək səviyyədə təmin etməkdir.