Milli Məclisin (MM) sədri Oqtay Əsədov Çexiya Respublikasının xarici işlər naziri Lubomir Zaoralekin başçılığı ilə bu ölkənin nümayəndə heyətini qəbul edib.
ERtv xəbər verir ki, spiker Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb və qeyd edib ki, hələ sovetlər dönəmindən təhsil, mədəniyyət sahələrində əlaqələrimiz mövcud olub.
“Biz bu əməkdaşlığı həyatın digər sahələrində də inkişaf etdirmək niyyətindəyik”, - deyən parlamentin sədri dövlət başçılarının görüşləri zamanı aparılan danışıqların münasibətlərimizin daha da möhkəmlənməsinə yaxşı zəmin yaratdığını qeyd edib və bildirib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrin dərinləşməsinə də öz təsirini göstərəcək.
Spiker sonra dövlətlərarası münasibətlər sistemində parlament diplomatiyasının mühüm rol oynadığına diqqət çəkib və bildirib ki, deputatların qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda birgə səmərəli fəaliyyət ümumi mənafelərə xidmət edir:
“Əlaqələrin dərinləşməsinə dostluq qrupları da mühüm töhfə verir”.
O.Əsədov Çexiya Respublikasının Deputatlar Palatasının Xarici əlaqələr komitəsində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul olunmasını yüksək dəyərləndirib.
O, buna görə Çexiya tərəfinə öz dərin minnətdarlığını bildirərək deyib ki, Azərbaycan Çexiya ilə bundan sonra da həyatın bütün sahələrində əlaqələrini daha da dərinləşdirmək niyyətindədir.
Çexiyanın xarici işlər naziri isə deyib ki, dövlətlərarası münasibətlərin dərinləşməsində parlament diplomatiyasının özünəməxsus yeri var.
L.Zaoralek səfər müddətində keçirdiyi görüşlərdən və aparılan danışıqlardan söz açaraq bildirib ki, ölkəsi Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərir, siyasi, iqtisadi əlaqələrlə yanaşı turizm, təhsil, energetika, nəqliyyat və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.