Son illər ərzində Azərbaycan-Rusiya ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur.
ERtv-nin verdiyi xəbərə görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə belə deyib.
Nazir bildirib ki, iki ölkə arasında ümumilikdə 160-dan çox sənəd, o cümlədən iqtisadi sahədə indiyədək 30-dan çox sənəd imzalanıb, möhkəm müqavilə-hüquq bazası yaradılıb.
“Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər.”
Qarşılıqlı investisiyaların əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev, Rusiya tərəfindən Azərbaycana 1,8 mlrd. dollar, Azərbaycan tərəfindən isə Rusiyaya yatırılmış birbaşa investsiyaların həcminin 1 mlrd. ABŞ dollarından artıq olduğunu vurğulayıb.
Görüşdə ticarət-iqtisadi əməkdaşlığın inkişafı perspektivləri, həmçinin iqtisadi sahədə hüquq-müqavilə bazasının daha da genişləndirilməsi məqsədilə sənəd layihələrinin - Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycanın sərgi-ticarət mərkəzinin yaradılması haqqında Saziş barədə müzakirələr aparılıb.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
Görüşdə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəddə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı, hər iki ölkə sahibkarları arasında əməkdaşlığın təşviqi və yeni əlaqələrin yaradılması məsələləri əksini tapıb.