Mayın 29-da Azərbaycan Dövlət Musiqili Teatrında N.Qoqolun “Evlənmə” tamaşası göstərilib.
ERtv teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu dəfə tamaşanın finalı fərqliliyilə seçildi. Belə ki, artıq üç ildir ki, teatrın repertuarında olan səhnə əsərinin növbəti nümayişi respublikanın xalq artisti Şükufə Yusupovanın yubileyinə həsr edilib.
Xatırladaq ki, Şükufə Yusupova, “Evlənmə” tamaşasında Fiokla İvanova rolunda çıxış edir.
Tamaşanın sonunda sənət yoldaşları, teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev aktrisanı elə səhnədəcə təbrik etdilər.
“Şükufə Yusupova Azərbaycan teatrının ən istedadlı aktrisalarından biridir. Onun ad gününü ilk bizim teatr, dar çərçivədə qeyd etdi. Bu gün ikinci qutlamadır və bu sevinci aktrisa, onu sevən siz tamaşaçılarla paylaşır...” – deyə Əlisiqmət Lalayev öz düşüncələrini paylaşıb.
Seyrçilərin alqışı və atəşfəşanlıq sədaları ilə səhnədə doğum günü tortu kəsilib. Bayram sevinci, sənət xadimlərinin iştirakı ilə artıq pərdə arxasında davam edib.