Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri zamanı onları bu yaxınlarda Ümid-Babək yataqlarında elan ediləcək tenderdə iştirak etməyə dəvət etdik.
ERtv xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ANS TV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycanın Vyetnamla Muradxanlı yatağı ilə bağlı müqaviləsi var.
“Amma bu yataq çox mürəkkəb yataqdır. Mən yatağı yaxşı bildiyimdən dedim ki, bu yataqla sizin işiniz baş tutmayacaq. Bildirdik ki, bu yaxınlarda Ümid-Babək yataqlarında tender elan edəcəyik. Onlara təklif etdik ki, tenderdə iştirak edə bilərlər. Onların bizimlə birgə işləməyə çox həvəsləri var. İlham Əliyev cənabları təklif etdi ki, qabaqlar biz sizin üçün mütəxəssislər hazırlayırdıq, indi gəlin bu işi davam etdirək. Bizim mütəxəssislər sizdə, sizin mütəxəssislər bizdə gəlib oxusun. Köhnə ənənəni davam etdirək”,-deyə, şirkətin birinci vitse-prezidenti əlavə edib.
X.Yusifzadə hər il Azərbaycanın Vyetnama müəyyən qədər neft satdığını bildirərək qeyd edib ki, 2013-cü ildə bu ölkəyə 350 min ton neft satılıb.
Onun sözlərinə görə, bu ilin dörd ayında isə 100 min ton neft satılıb.
“İlham Əliyev cənabları öz çıxışlarında bildirdi ki, vyetnamlılarla əlaqələrimizi genişləndirməliyik”-deyə, o əlavə edib.
SOCAR-ın birinci vitse-prezidenti azərbaycanlıların orada neft çıxarmada iştirakına gəlincə isə bildirib ki, danışıqların əsasında onlar gəlib söhbət etsələr, bu məsələni qaldırmaq olar.
O, eyni zamanda əlavə edib ki, Dövlət Neft Şirkəti 1994-cü ilin dövlət neft şirkəti deyil, indi biz dünya standartlarına uyğun bir şirkətik.
X.Yusifzadə Azərbaycanın digər ölkələrdə işlər gördüyünü qeyd edərək bildirib ki, Azərbaycan indidən başqa ölkələrdə iş görür, yanacaq doldurma məntəqələri, zavodlar var, ancaq neftin kəşfiyyatı ilə az məşğul olmuşuq:
“Rosneft” də bizə təklif edir ki, gələk sizdə işləyək, biz də onlara təklif edirik ki, biz də gələk sizdə işləyək”.