Mayın 20-də Fransada 67-ci Kann kinofestivalı çərçivəsində festivalın əsas proqramına düşən “Sonuncu” filminin yaradıcı heyəti yerli və xarici mətbuat nümayəndələri ilə görüşüb.
ERtv xəbər verir ki, konfrans zamanı filmin gənc prodüsserləri Nəsib Piriyev və Mariya İvanova jurnalistlərin suallarına cavab verərək filmin arsəyə gəlməsi və “Buta Films” şirkətinin gələcək planları haqda danışıblar.
Konfransın ilk günlərindən film jurnalistlərin və kino peşəkarlarının marağına səbəb olub. Qeyd edək ki, “Sonuncu” qısametrajlı bədii filmi 67-ci Kann kinofestivalının komitəsi tərəfindən əsas proqramda iştirak etmək üçün seçilmiş cəmi 9 kinofilmdən biridir. Ümumiyyətlə, 2014-cü ildə bu müsabiqəyə dünyanın 128 ölkəsindən 3450 kinofilm göndərilib.
Konfransda jurnalistlərə filmin tarixçəsi və çəkilişləri haqda danışan prodüsser Nəsib Piriyev Azərbaycanda dövlətin kino sənayesinə mühüm dəstək verdiyini və Azərbaycanın böyük kino potensialının olduğunu vurğulayıb. Piriyev filmin yaradılmasında Mədəniyyət tə Turizm Nazirliyinə və “Azərbaycanfilm” kinostudiyasına dərin minnətdarlığını ifadə edib.
“Sonuncu” (“The Last One”) qısametrajlı bədii filmi “Buta Films” şirkətinin və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalıdır. Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15-dəqiqəlik filmin çəkilişləri Bakının kəndlərindən birində aparılıb.
“Sonuncu” – quruluşçu rejissor Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii filmdir.
Film gənc prodüserlər Mariya İvanovanın və Nəsib Piriyevin (“Buta Films” şirkəti) bədii kino sənətində debütüdür. Buna qədər onlar sənədli film layihələri üzərində çalışıblar. Filmin quruluşçu operatoru Denis Madışevdir. Filmdə veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə aktyor Corc Qafarov oynayıb.
“Buta Films” kino şirkəti – “Buta” İncəsənət Mərkəzinin yaradıcı qollarından biridir. Şirkət Azərbaycan mədəniyyətinin bütün dünyada populyarlaşdırılmasını özləri üçün əsas məqsəd qoyan peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır. “Buta” tərəfindən həyata keçirilmiş və hələ işıq üzü görməyə hazırlaşan çoxlu sayda layihələr – festivallar, sərgilər, konsertlər və filmlər – məhz bu önəmli vəzifəyə həsr olunub.