Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə rəsmən başlaması münasibətilə Strasbuqda istedadlı virtuaz ustası İsfar Sarabskinin etno-caz solo konserti olub.
ERtv xəbər verir ki, konsert Azərbaycanın Respublikasının Avropa Şurası yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.
Azərbaycanın Avropa Şurası yanındakı nümayəndəliyin rəhbəri səfir Emin Eyyubov tədbirdə çıxış edərək ölkəmizin nüfuzlu Avropa Şurasının qanunverici orqanı olan Nazirlər Komitəsinə sədrliyə başlaması, sədrlik dövründə müxtəlif tədbirlərin təşkil olunacağını bildirmiş, konsertin də məhz bu əlamətdar hadisə münasibətilə keçirildiyini diqqətə çatdırıb.
Səfir, gənc cazmen İ. Sarabskinin 2009-cu ildə Montrödə keçirilən beynəlxalq caz festivalının qalibi olduğunu diqqətə çatdırmış, müasir cazla xalqımızın ənənəvi muğam musiqisinin sintez edilərək etno-caz musiqisinin yaranması barədə tamaşaçılara məlumat verib.
E.Eyyubov, eyni zamanda Türkiyədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar başsağlığı vermiş, belə ağır məqamda azərbaycanlıların qardaş türk xalqı ilə həmrəy və dərdlərinə şərik olduqlarını bildirmişdir.
Konsertdə İ.Sarabski və onu müşayiət edən musiqiçilər tamaşaçılara maraqlı konsert proqramı təqdim etmişlər. Onların çıxışları rəğbətlə qarşılanıb.
Konsertdə Avropa Şurasının rəsmləri, bu qurumda və Strasburqda akkreditə olunan diplomatik korpusun əməkdaşları, şəhərin nümayəndələri, Azərbaycan və türk diasporlarının təmsilçiləri, yerli və xarici jurnalistlər, Strasburq Universitetində təhsil alan tələbələrimiz iştirak ediblər.
Sonda ziyafət verilib. Tamaşaçılara tanınmış baş aşpaz Tahir Əmiraslanovun rəhbərliyi altında hazırlanmış zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.