2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları onların müvafiq Milli Olimpiya Komitələri (MOK) üçün təsdiq olunub.
ERtv xəbər verir ki, Bakıda keçiriləcək Avropa Oyunlarında aerobika və batut üzərindən tullanma üzrə nəzərdə tutulmuş 120 nəfər idmançı sayı ayrılıb.
Azərbaycana qonşu ölkə olan Gürcüstanın MOK-u yarışlarda iştirakla bağlı onlar üçün nəzərdə tutulmuş idmançıların sayını təsdiq edən ilk MOK olub. Azərbaycan MOK-un ev sahibliyi etdiyi yarışda ölkədən batut üzərindən tullanma üzrə maksimum 4 və aerobika üzrə 6 idmançı qüvvəsini sınayacaq.
Məlumat üçün bildirək ki, idman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları – eyni zamanda, iki yeni qeyri-olimpiya oyunları aerobika və akrobatika – Bakı-2015 Oyunlarında nümayiş olunacaq.
Gimnastika yarışları altı gün müddətində ölkələrini fərdi, qrup və qarışıq şəkildə təmsil edəcək ümumilikdə 446 kişi və qadın gimnastlar arasında keçiriləcək.
Beş idman yarışı üzrə ümumilikdə 34 medal veriləcək. Bu, su idmanı növündən sonra istənilən idman növü arasında medal sayına görə ikinci ən yüksək göstəricidir.
Ümumilikdə, “Bakı-2015” Avropa Oyunlarında 19 idman növü üzrə 6000-dən çox idmançının iştirak etməsi gözlənilir.
Qeyd edək ki, “Bakı-2015” Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək.