Xəbərlər

Geosiyasətdə "qırmızı xətt": kimlər onu pozur?
14 may, 2014 16:19

Ukraynada cərəyan edən hadisələrin müxtəlif səviyyədə analizi verilir.

Dünyanın tanınmış analitik və ekspertləri də qlobal geosiyasətin prinsipləri aspektində təhlillər aparırlar.

Maraqlı fikirlər ifadə edilir. Bütövlükdə meydana yeni məqamların çıxdığı vurğulanır. Bunun kökündə isə konkret bir neçə prinsipə əməl edilməməsinin durduğu deyilir. Müxtəlif regionlarda müşahidə edilən prosesləri ümumi mövqedən qiymətləndirməklə düşündürücü nəticələr alırlar.

Bütün bunlar ümumiyyətlə, dünya miqyasında geosiyasətdə hansı dəyişikliklərin baş verməsi aspektində çox maraqlı görünür.

Dünya hegemonluğu iddiası: böhranı dərinləşdirən faktor

Hadisələrin gedişi göstərir ki, Ukrayna məsələsi qlobal geosiyasət üçün ciddi başağrısına çevrilib. Böyük dövlətlər daha da fəallaşırlar. Diplomatik ibarələr altında tamamilə fərqli addımlar atırlar. Qərb və Rusiya bir-birinə güzəştə getmək fikrində deyillər. Əksinə, bəzi informasiyalar göstərir ki, nüfuz uğrunda savaş yeni dinamika almaqdadır.

Bu kontekstdə tanınmış filosof və analitik Noam Homskinin yaranmış vəziyyəti təhlili olduqca maraqlıdır (bax: Chomsky: US Leaders' Panic Over Crimea Is About Fear of Losing Global Dominance / "AlterNet", 3 may 2014). Mütəxəssis məsələni ABŞ-ın strateji maraqları müstəvisində qiymətləndirir.

Əsas problemin Vaşinqtonun liderlik ambisiyalarının yerinə yetirilməməsindən ibarət olduğu vurğulanır. Krım həmin kontekstdə amerikan xarici siyasətinin "qırmızı xətti" kimi təqdim olunur. Konkret deyilsə, özlüyündə Krımın işğalı Amerikanı narahat etmir. Əsas odur ki, Rusiyanın bu hərəkətinin mahiyyəti ABŞ-ın dünya hegemonluğu iddiasına ziddir (bax: əvvəlki mənbəyə).

Bu cür fikirlərə digər amerikalı analitik Z.Bjezinskinin dərc edilmiş məqalələrinin birində də rast gəlmək olur. Z.Bjezinski yazır: "Yaxın zamanlarda prezident Obama amerikan xalqına bəyan etməlidir ki, Ukrayna böhranı "soyuq müharibə" dövrünün başa çatmasından sonra beynəlxalq təhlükəsizlik sistemi üçün ən ciddi təhdidə çevrilib" (bax: Zbigniew Brzezinski. What Obama Should Tell Americans About Ukraine / "Politico Magazine", 2 may 2014).

Məşhur politoloq hesab edir ki, böhran o dərəcədə dərinləşib ki, artıq milləti birləşdirmək lazımdır.

Amerika xalqı söhbətin dünyada ABŞ-ın nüfuzundan getdiyini dərk etməlidir. Konkret deyilsə, Z.Bjezinski rəsmi Vaşinqtona təklif edir ki, yaranmış vəziyyəti yenidən dəyərləndirsin və strateji xarakterli qərarlar qəbul etsin. N.Homski və Z.Bjezinskinin vurğuladıqları bu məqamların arxasında konkret hansı reallıqlar dayanır?

Geosiyasi aspektdə problemin mahiyyəti bundan ibarətdir. Analitiklərin iddiasına görə, "soyuq müharibə"dən sonra ABŞ indiki Rusiya sərhədlərini özü üçün geosiyasi mənada "qırmızı xətt" kimi müəyyənləşdirib. Yəni həmin sərhəddən kənarda Moskva Vaşinqtona rəqib ola biləcək səviyyədə nüfuz sahibi olmamalıdır. Krımın ilhaqı isə bu prinsipin ciddi surətdə pozulmasıdır.

Həmin səbəbdən, B.Obama mövcud vəziyyətə daha qətiyyətli reaksiya verməlidir.

Burada bir amili də vurğulamağa ehtiyac görürük. Biz, ABŞ-ın Avropada əsas tərəfdaş qismində kimi gördüyünü nəzərdə tuturuq. Bu günlərdə Almaniyanın kansleri Angela Merkel Amerikaya səfər edib. Aparılan danışıqlardan sonra məlum olub ki, Amerika Almaniyanın dəstəyi olmadan Şərqi Avropada problemləri həll etməkdə ciddi çətinliklər çəkə bilər (bax: məs., Игорь Мурадян.Трансатлантический тандем / "Lragir.am", 6 may 2014).

Lakin bu mövqeyə Böyük Britaniya və Fransanın necə reaksiya verəcəyi məsələsi unudulmamalıdır. Bu o deməkdir ki, Amerikanın Avrasiyadakı geosiyasi statusu ilə əlaqədar hələlik Avropa İttifaqı ölkələrinin yekdil mövqeyi formalaşmayıb. Şübhəsiz, Vaşinqton bu məqamı xarici siyasətində nəzərə almalıdır.

Vaşinqtonun "qırmızı xətti": qəbul etməyənlərin cəzası

Hər bir halda Krımın ilhaqı Amerikanın geosiyasi maraqları aspektində"qırmızı xətdirsə", Ukrayna hadisələri daha ciddi dinamika ala bilər. Ölkənin şərq əyalətlərində referendumun keçirilməsi bu baxımdan kifayət qədər həssas məqamların meydana gəlməkdə olduğundan xəbər verir.

Bu məqamda digər məşhur amerikan analitiki Corc Fridmanın Estoniyadan Azərbaycana qədər vahid geosiyasi mövqe formalaşdırmaq təklifi yada düşür (bax: George Friedman. From Estonia to Azerbaijan: American Strategy After Ukraine / ''Stratfor.com'', 25 mart 2014).

"Stratfor"un qurucusu məsələni N.Homski və ya Z.Bjezinski qədər açıq qoymasa da, geniş bir geosiyasi məkanda anti-Rusiya koalisiyası yaratmaqla faktiki olaraq Vaşintonun "qırmızı xətti"nin haradan keçdiyini göstərir. Bu kontekstdə digər məqam ondan ibarətdir ki, C.Fridman təklifi ilə əslində Rusiyaya qarşı beynəlxalq konsensusun formalaşması ideyasını ortaya atır.

Problemin kökü uzun zamandır ki, Vaşinqtonun bu cür məsələlərdə ciddi beynəlxalq dəstək ala bilməməsindədir. Məsələn, İraqda həmin məqsədə nail ola bilmədiklərindən Amerika və Böyük Britaniya geri çəkilməli oldu. Ümumi prinsipə görə, qlobal geosiyasi əhəmiyyəti olan məsələlərdə yalnız beynəlxalq konsensus əsasında digər böyük geosiyasi güclərin maraqlarını nəzərə almadan hərəkət etmək olar.

Rusiyanın Ukrayna məsələsində beynəlxalq dəstəyi yoxdur. Deməli, onun atdığı addımlar qəbul edilə bilməz. Amerika oxşar vəziyyətə düşməmək üçün hansısa formada beynəlxalq koalisiya yaratmalıdır. Maraqlıdır ki, C.Fridmanın verdiyi təkliflər birbaşa həmin məqsədə xidmət edir. Ancaq onun hansı dövlətlərin maraqları hesabına yaradılması məsələsi açıq qalır.

Daha doğrusu, amerikalıları sanki problemin bu tərəfi maraqlandırmır. Çünki Estoniyadan tutmuş Azərbaycana qədər bir neçə ölkənin Moskvaya qarşı durması asan məsələ deyil. Ümumiyyətlə, buna getməyin nə dərəcədə lazım olması məsələsi aydınlaşmayıb. Bu səbəbdən, Qərbin "qırmızı xətti" gözləməsi çoxlu sayda ölkənin çətin vəziyyətə düşməsinə aparıb çıxara bilər. Təəssüf ki, bu, müasir geosiyasətin danılmaz reallıqlarındandır.

Bunlardan belə nəticə əldə etmək olar ki, Ukrayna məsələsi regional geosiyasi maraqlar çərçivəsinə sığmayan problemdir. Böyük dövlətlər orada qlobal strateji maraqlara aid olan məqsədləri güdürlər. Bunun necə sonuclanacağı haqqında dəqiq fikir bildirmək çox çətindir.

Görünən odur ki, yeni səviyyədə gərgin mübarizəyə start verilib. Şübhəsiz ki, bu prosesə gec və ya tez Çin də qatılacaq. Onun hansı status və keyfiyyətdə bunu edəcəyini indidən demək risklidir.

Məsələn, bir sıra Qərb eksperti Rusiyanı dayandırmaq üçün hətta Çini beynəlxalq koalisiyaya cəlb etmək variantını istisna etmirlər. Lakin bunun hansı prinsiplər üzrə həyata keçirilməsindən danışmırlar. Görünür, onlar özləri də proseslərin bu ssenari üzrə gedəcəyinə əmin deyillər. Qlobal miqyasda geosiyasi mühitdə bir qeyri-müəyyənliyin mövcudluğu sirr deyil.

Əslində, Z.Bjezinski, C.Fridman, N.Homski kimi zəka sahiblərinin yuxarıda nəzərdən keçirilən fikirləri bir həqiqəti ortaya qoyur. Artıq dünya geosiyasətində dərin parçalanmalar meydana gəlib.

Bir neçə böyük güc fərqli mövqedədirlər. Hətta onlar indi konkret davranışları ilə aradakı fikir ayrılığını gücləndirirlər. Belə vəziyyətin yaranması, heç şübhəsiz, qlobal təhlükəsizliyə təhdiddir.

Düşündürücü odur ki, həmin məqamı görən böyük dövlətlər öz mövqelərində dəyişiklik etmirlər.

Konkret olaraq, ABŞ-ın Ukrayna məsələsindəki mövqeyinə gəldikdə isə, burada da hansısa güzəştin olacağına inanmaq çətindir. Moskva və Vaşinqton sonadək maraqlarını nəyin bahasına olursa-olsun qorumağa hazır görünürlər. Rusiya birbaşa sərhədi yaxınlığında özünə dost olmayan bir dövlətin möhkəmlənməsinə razı olmaz. ABŞ isə məhz həmin sərhədi özünün milli təhlükəsizliyinə aid olan məkan hesab edir.

Bu günlərdə Amerikanın rəsmi nümayəndəsi Ukrayna məsələsinin ABŞ-ın milli təhlükəsizlik problemi olduğunu bəyan edib. Deməli, mübarizə yeni səviyyəyə qalxa bilər.

Bütün bunlar onu göstərir ki, böyük dövlətlər öz "qırmızı xətləri"ni çəkir və onlara əməl olunmasını tələb edirlər. Bunun fonunda ərazi bütövlüyü pozulan ölkələrin eyni tələblərinə laqeydlik nümayiş etdirilir. Problemin bu aspekti ilə əlaqədar nəyə görə məşhur analitik və diplomatlar fikir bildirmirlər?

Ola bilsin ki, onlar hansısa subyektiv maraqlardan çıxış edirlər. Lakin bir həqiqət də var: müasir dünyada ən kiçik hesab edilən problem belə qlobal geosiyasi mühiti silkələyə bilər. Bəlkə elə buna görədir ki, uzun illərdir bəşəriyyət sakitlik nədir, bilmir!

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.