Bu gün Fransa Prezidenti Fransua Ollandın Bakıya səfəri çərçivəsində keçirilən Azərbaycan-Fransa biznes forumu çərçivəsində 11 sənəd imzalanıb.
ERtv xəbər verir ki, bu sənədlər arasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Total Azərbaycan” şirkəti adından Kristian Qudiçellinin imzaladığı sənəd də var.
Digər sənədləri isə “Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası” İctimai Birliyinin Təsis Yığıncağının qərarını Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Rüfət Məmmədov, “KNİM Azərbaycan” şirkəti adından Deyvid Nikols, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf, "Sosyete Jeneral" şirkəti adından Teybə Quliyeva, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, "GDF SUEZ Abşeron" şirkəti adından Науке Libold imzlayalıblar.
Sərnişin avtobuslarının təchizatına dair müqaviləni isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, “İveko Frans” şirkətinin prezidenti Pyer Lahut imzalayıb.
Yük lokomotivlərinin alınmasına dair müqavilə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və “Alstom Transport” şirkətinin prezidenti Ann Pupo Lafarq arasında bağlanılıb.
Eyni zamanda, Azərbaycanın Gəncə şəhəri, Şəmkir, Göygöl və Balakən rayonları icra hakimiyyətləri ilə Fransanın Burqundiya regionunun Yon vilayətinin Şurası arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb.
Sənədə Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qol çəkiblər.
Azərbaycanın Tovuz şəhəri və Fransanın Konyak şəhəri arasında qardaşlaşma sazişini Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Konyak şəhərinin meri Mişel Qourinşas, “Eyrbas Di Es”şirkəti ilə “Azərkosmos” ASC arasında yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu isə “Azərkosmos”un sədri Rəşad Nəbiyev və “Eyrbas Di Es” şirkətinin rəhbəri Fransua Ok imzalayıblar.
Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqalivəni “Azərsu”ASC-nin sədri Qorxmaz Hüseynov və “ Suez Environnement” şirkətinin baş icraçı direktoru Jan Lui Şosad, “Eyr Likid” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu isə “Sumqayıt Kimya Sənaye Parkı”nın direktoru Nazim Talıbov və “Eyr Likid” Qrupunun vitse-prezidenti Kristof Fonteyn imzalayıblar.
Forum çərçivəsində “Buik Travo Publik" şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasının yenidən qurulması və metropolitenin yaşıl xəttinin Xətai-Həzi Aslanov-2 hissəsinin tikintisinə dair Anlaşma memorandumları imzalanıb.
İmzalanma mərasimində “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov və “Buik Tmvo Publik” şirkətinin baş icraçı direktoru Kristian Qazan iştirak ediblər.
“Thales”şirkəti ilə “Bakı Metropoliteni” arasında ilkin araşdırmaların aparılması və təlim-tədris əməkdaşlığına dair Anlaşma memorandumlarını “Bakı Metropoliteni” QSC-nin sədri Z.Hüseynov, “Thales” şirkətinin icraçı vitse-prezidenti Jan Lui QaL, “Alstom Transport” şirkəti ilə “Bakı Metropoliteni” arasında təchizat müqavilələrinə dair Anlaşma Memorandumunu isə “Bakı Metropoliteni”nin sədri Z.Hüseynov və “Alstrom Transport” şirkətinin prezidenti Anri Pupo Lafarq imzalayıblar.