Hamıya məlumdur ki, Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda, Türkiyədə, Avropa ölkələrində, hətta okeanın o biri tərəfində böyük yatırımlar həyata keçirir.
Bunlar çox ağıllı, düzgün hesablanmış strategiyadır.
ERtv xəbər verir ki, bu sözləri İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, iqtisadçı ekspert Pərviz Heydərov deyib.
Ekspert hesab edir ki, SOCAR-ın ölkədən kənarda investisiyalar yatırması əhəmiyyətlidir.
“SOCAR Azərbaycanın dövlət büdcəsi üçün mühüm qurumdur. Bu mənada SOCAR-ın ölkədən kənarda yatırımlar həyata keçirməsi dövlət üçün də əhəmiyyətlidir. O cümlədən SOCAR-ın özünün də beynəlxalq arenada rəqabət qabiliyyətli bir şirkət kimi tanınması üçün mühüm şərtdir”, - deyə, ekspert qeyd edib.
P.Heydərov Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR Trading” şirkətinin fəaliyyətindən də danışaraq qeyd edib ki, şirkətin səmərəli fəaliyyəti Azərbaycan neftinin mövqeyini möhkəmləndirir.
“Hazırda bütün ölkələr çalışır ki, yanacağın keyfiyyətini, onun ekoloji cəhətdən təhlükəsizliyini artırsınlar. Eyni zamanda, yanacağın maya dəyəri aşağı qiymətə başa gəlsin.
Məlumdur ki, məhsulun keyfiyyəti yüksəlirsə, onun maya dəyəri qalxır. Amma hazırda dünyada innovativ inkişaf ona doğru gedir ki, keyfiyyəti qaldırmaqla da maya dəyəri qalxmasın”.
Ekspert qeyd edib ki, “Azeri Light” onsuz da dünyada ən keyfiyyətli neft kimi tanınır.
Onun sözlərinə görə, “SOCAR Trading” şirkəti də xarici neft emalı müəssisələrinin tələbatını tədarük prosesini etibarlı şəkildə və birbaşa olaraq vasitəçilərsiz keyfiyyətli xammalla təmin etməklə ödəyir.