“Maaşlar verilmir deyə komandanı yarı yolda buraxa bilmərik”.
ERtv xəbər vermişdi ki, “Bakı” klubunun futbolçuları artıq bir neçə aydır ki, maaşlarını ala bilmirlər.
Məhz bu səbəbdən oyunçuların bir neçəsinin Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində səfərdə “Qəbələ” ilə oyuna çıxmaqdan imtina etdiyi bildirilirdi.
Komandanın əsas üzvlərindən olan Rauf Əliyev “Just Football”a açıqlamasında bildirib ki, bu xəbərlər həqiqəti əks etdirmir:
“Komandanın əsas futbolçuları “Qəbələ”yə gediblər. Mən isə zədəli olduğum üçün Bakıda qaldım. Düzdür, bir neçə aydır maaşlarımızı ala bilmirik. Ancaq mən fikirləşirəm ki, tezliklə pulumuzu ala biləcəyik. Yəqin ki, klub prezidenti Hafiz Məmmədovun başı şəxsi işlərinə qarışıb” - deyə, Rauf Əliyev açıqlama verib.
Qeyd edək ki, bu gün “Bakı”nın makedoniyalı qapıçısı Edin Nuredinoski həm klubu, həm də Azərbaycanı tərk edib. Rauf Əliyev onun komandadan ayrılmasını isə belə əlaqələndirib:
“Edinlə klubun müqaviləsi bitmişdi. Məhz buna görə o Azərbaycandan gedib. Yoxsa futbolçular maaşlarını ala bilmirlər deyə komandadan ayrılmırlar. Komandanın bütün futbolçuları Qəbələdədir. Onsuzda oyun TV vasitəsiylə canlı yayımlanacaq. Onda hər kəs görəcək bütün bu xəbərlər yalandır” – deyə, təcrübəli futbolçu sözlərinə əlavə edib.