Mayın 7-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti işə başlayıb.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak edirlər.
Sammitə, həmçinin tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri, eləcə də Azərbaycandan olan alimlər də qatılmışlar.
Tədbirin əlaqələndiricisi Arlo Brady bildirmişdir ki, Qafqaz Biomüxtəlifliyi Sammiti bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyır.
Sonra Azərbaycan təbiətindən və faunasından, eləcə də IDEA-nın fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sammitdə çıxış edərək vurğulamışdır ki, Azərbaycan qədim ənənələr, zəngin tarix və mədəniyyət ölkəsidir. Ölkəmiz Avropa ilə Asiya arasında yerləşir və Şərq müdrikliyi ilə Qərb tərəqqisini özündə təcəssüm etdirir. Şəhərimizi nadir edən odur ki, qədim İçərişəhərin və Qız Qalasının memarlığı yeni tikilmiş müasir memarlıq nümunələri ilə birgə vəhdət təşkil edir. Azərbaycan keçmişdə tarixi İpək Yolunun mərkəzində olmuşdur. Bizim coğrafi mövqeyimiz nəinki mədəniyyətimizə, həmçinin təbiətimizə də öz təsirini göstərmişdir. Belə ki, dünyadakı 11 iqlim qurşağının 9-u məhz Azərbaycanda yerləşir və bu, bizim biomüxtəlifliyimizi təmin edir.
Təbiəti qorumağa gənc yaşlardan başlamağın vacibliyindən danışan Leyla Əliyeva IDEA-nın öz ətrafında gəncləri birləşdirdiyini demişdir. O bildirmişdir ki, ətraf mühiti nəinki öz Vətənimizdə, bütün dünyada qorumağı qarşısına məqsəd qoyan IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda və bütövlükdə regionda ətraf mühitin, flora və faunanın mühafizəsi ilə bağlı bir sıra layihələr həyata keçirmişdir. Reallaşmış layihələr çərçivəsində ölkədə 3 milyon ağac əkilmişdir. Eyni zamanda, təhsil ocaqlarında da ətraf mühitin qorunması üzrə siniflər yaradılmışdır. IDEA-nın digər vacib keyfiyyətlərindən biri odur ki, bütün layihələr mümkün qədər yaradıcı və bədii bir formada təqdim edilir.
Leyla Əliyeva qeyd etmişdir ki, bizim əsas məqsədimiz dünyada nəsli kəsilməkdə olan növlərin bərpasına nail olmaq və onları qorumaqdır. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparılır. Fəxredici haldır ki, Azərbaycan Beynəlxalq Ətraf Mühitin Qorunması Təşkilatının üzvüdür.
Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd etmişdir ki, birgə səylər nəticəsində planetimizdə çox böyük dəyişikliklər edə bilərik.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkədə biomüxtəlifliyin qorunması istiqamətində görülmüş işlərdən danışmışdır. Nazir məlumat vermişdir ki, Azərbaycanda ekoloji proqramlara çox böyük yer verilir və dövlətimizin başçısı bu işləri diqqət mərkəzində saxlayır.
H.Bağırov bildirmişdir ki, Azərbaycanda meşələrin sayı az olsa da, bu sahədə reallaşmış geniş proqramların nəticəsində mənfi meyillərin qarşısı alınmışdır. Görülmüş işlər nəticəsində son 10 ildə 90 min hektara qədər ərazidə yeni meşələr salınmışdır.
Nazir biomüxtəlifliyin qorunması istiqamətində Sammitdə müzakirə olunan mövzuların təcrübədə istifadə ediləcəyini diqqətə çatdırmışdır.
Tədbirdə Qafqaz bəbirinin mühafizəsi, Azərbaycanda bu heyvan növünün yaşayışı üçün əlverişli mühitin yaradılması və onların sayının artırılması yolları ilə bağlı layihə təqdim olunmuş, bu barədə müzakirələr aparılmışdır.
Sonra nəsli tükənməkdə olan heyvan növləri və onları qorumaq istiqamətində görülmüş işlərlə bağlı təqdimat olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Sammit çərçivəsində Adrian Sternin “Afrikanın vəhşi təbiəti” sərgisinə baxmışlar. Sərginin məqsədi vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə diqqəti çəkməkdir. Sərgidə müəllifin 35 əsəri nümayiş etdirilir.