Bu gedişlə Milli Şura adlanan qurumda Əli Kərimli və partiyası tək qalacaq.
ERtv “Yeni Müsavat” qəzetinə istinadən xəbər verir ki, Milli Şuranın təsisçilərindən olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və partiyadaşları qurumun mayın 3-də keçirilmiş sessiyasını tərk ediblər.
Bir qədər sonra isə M.Mirəlioğlu, Akif Hüseynov və KXCP üzvü olan daha bir neçə nəfər Milli Şuradan istefa verdiklərini də bəyan ediblər.
KXCP sədrinin müavini Xəzər Teyyublunun verdiyi açıqlamalardan isə məlum oldu ki, M.Mirəlioğlunun və bir neçə partiyadaşının atdığı addıma AXCP sədri Əli Kərimlinin Milli Şura üzvlüyünə təqdim etdiyi siyahı səbəb olub.
Daha dəqiqi, siyahının ancaq AXCP Ali Məclisinin üzvlərindən ibarət olması məlum vəziyyətə gətirib çıxarıb.
“KXCP həmişə Milli Şuranın bütövlüyünü saxlamağa, onun güclənməsinə, daha geniş çevrədə təşkilatların buraya cəmləşməsinə çalışıb.
Son sessiyada Mirmahmud Mirəlioğlunun və digər bir neçə KXCP üzvünün etirazına və Milli Şuradan çıxdıqlarını bəyan etmələrinə isə konkret fakt səbəb oldu.
Sessiyaya yeni üzvlərin siyahısı təqdim edildi. Məlum oldu ki, onlar AXCP Ali Məclisinin üzvləridir.
KXCP sədri və digər Milli Şuradakı KXCP üzvləri Milli Şuranın yalnız bir partiyanın üzvlərindən ibarət genişləndirilməsinə qarşı çıxdılar. Gündəliyə bu məsələnin daxil edilməsinə etiraz olundu.
Bildirildi ki, Milli Şuranı genişləndirmək adı altında bir siyasi partiyanın üzvlərini kütləvi şəkildə Milli Şuraya gətirmək, bir partiyanın maraqlarını önə çıxarmaq düzgün deyil.
Buna baxmayaraq gündəlik elan olundu. Bundan sonra KXCP üzvləri sessiyanı tərk etdilər. Bir neçə KXCP üzvü isə Milli Şuradan istefa verdiyini elan etdi”, - deyə X.Teyyublu bildirib.
X.Teyyublu müvafiq qiymətləndirmədən sonra KXCP-nin Milli Şura ilə bağlı rəsmi mövqeyinin müəyyənləşəcəyini deyib.