Tovuzun Qovlar şəhər məktəblərində “Azərbaycan və Türk dünyası həqiqətlərinin yayılmasında gənclərin rolu” adlı tədbir keçirilib.
ERtv xəbər verir ki, tədbirdə millət vəkili Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, rayonun ziyalıları, müəllimlər və məktəblilər iştirak ediblər.
Millət vəkili çıxışında “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə gənclərinin bir-birinə sahiblənmə duyğuları ilə yetişməsi üçün ortaq tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, həqiqətlərimizi böyük şəxsiyyətlərimizi yaxından tanıyıb bilməsinə böyük ehtiyac olduğunu deyib.
“Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik” - deyən millət vəkili Azərbaycan həqiqətlərinin, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, işğal edilmiş Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, faciələr, vandalizm aktları, qondarma “erməni soyqırımı” barədə gerçəklərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması istiqamətində gənclərimizin daha fəal mübarizə aparması üçün tariximizi öyrənmələrinin vacibliyini qeyd edib.
Millət vəkili bu həqiqətlərin daha geniş yayılması üçün hər bir gəncin səylə çalışmasının əhəmiyyətini deyib.
Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili deyib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər.
“Gənclərimiz tariximizi, həqiqətlərimizi yaxşı öyrənməlidir. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir gəncimiz Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır” - deyə, o bildirib.
Bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili gəncləri sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və Azərbaycan, Qarabağ həqiqətləri, Xocalı soyqırımı gerçəkləri, qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.