Xəbərlər

Suriya: Əsədin hərbi uğurları və yeni ziddiyyətlər burulğanı
05 may, 2014 15:58

Son zamanlar Suriyada hərbi toqquşmaların yeni səviyyəyə qədəm qoyduğu haqqında informasiyalar yayılır.

Hakimiyyətə sadiq ordunun bir neçə istiqamətdə müxalif hərbi qruplar üzərində qələbə qazandığı müşahidə edilir.

Ekspertlər bütövlükdə üstünlüyün iqtidar tərəfdə olduğunu deyirlər. Bu proses iyun ayının 3-nə təyin edilmiş prezident seçkisi aspektində maraq doğurur. Ölkənin siyasi gələcəyinin necə olacağı ətrafında müzakirələr genişlənir. Lakin müşahidələr göstərir ki, reallıqda Suriya daha təhlükəli daxili siyasi vəziyyətə doğru gedir. Həmin gedişatın həm ölkə, həm də region üçün hansı nəticələr verə biləcəyi üzərində düşünməyə ehtiyac yaranır.

Müharibə çıxış yoludurmu?

Ukrayna hadisələri dünya siyasəti üçün Suriya məsələsini bir qədər arxa plana atsa da, onun aktuallığı azalmayıb. Müəyyən aspektlərdə isə qlobal geosiyasət müstəvisində daha maraqlı proseslər başlayıb. Ekspertlərin rəyinə görə, Suriyada gedən müharibədə vəziyyət ciddi surətdə dəyişib. Üstünlük tamamilə hökumət qüvvələrinin tərəfinə keçib. Bunun təsdiqi kimi Bəşər Əsədə sadiq hərbi birləşmələrin müxtəlif istiqamətlərdə müxalif qüvvələr üzərində əldə etdiyi qələbələr göstərilir (bax: məs., Сирийский отлив / "Expert Online", 17 aprel 2014).

Suriya rəhbəri bu yaxınlarda Dəməşq universitetində çıxış edərkən vurğulayıb: "İndi böhranda həm hərbi münasibətdə, yəni ordunun savaşda terrora qarşı uğurlar əldə etməsində, həm də sosial münasibətdə, yəni milli barış prosesi və ölkənin hücuma məruz qaldığının dərk edilməsində irəliləyişin olmasında dönüş məqamı başlayıb" (bax: əvvəlki mənbəyə). "Hizbullah"ın lideri Həsən Nəsrullah Suriyanın parçalanması riskinin artıq arxada qaldığını bildirib. Maraqlıdır ki, "Mossad"ın keçmiş şefi Amnon Sofrin B.Əsədin Qərbin müdaxiləsi olmadan devrilməsinin mümkün olmadığını söyləyib.

Belə hesab edirlər ki, Dəməşqin qərbində yerləşən Zəbədani uğrunda döyüşlər bütövlükdə müharibədə ciddi dönüş yaradacaq. Əgər hökumət qüvvələri hələlik "Nusra cəbhəsi"nin nəzarəti altında olan bu şəhəri ələ keçirsələr, onda müxalifət üçün çox ağır vəziyyət yaranacaq. Çünki Zəbədani ölkənin Aralıq dənizi sahilləri istiqamətində strateji yerdə yerləşir. B.Əsəd həmin məntəqəni ələ keçirməklə, müxaliflərin təchizatına böyük əngəllər yaratmış olur. Bununla da Suriya iqtidarının silahlı yolla devrilməsi imkanları üzərindən xətt çəkilir.

Bütün bunlar prezident seçkisində B.Əsədin iştirak etməsi məsələsini gündəmə gətirib. Bəzi ekspertlərin fikrincə, onun üçüncü dəfə seçilmək şansı daha çoxdur. Bundan sonra 7 il də B.Əsəd ölkəyə rəhbərlik edə bilər. Yaxın zamanlarda dövlət başçısının öz namizədliyini rəsmi olaraq irəli sürəcəyi gözlənilir. Xatırladaq ki, Suriyada prezident seçkisi iyunun 3-də olmalıdır.

Lakin burada diqqət yetirilməli olan bir məqam var. Məsələ ondan ibarətdir ki, Suriyada vətəndaş müharibəsi davam edir. İqtidar ölkənin bütün ərazisinə nəzarət edə bilmir. B.Əsədin özü etiraf edir ki, hərbi əməliyyatların fəal mərhələsi yalnız 1 ilə başa çata bilər. Belə olan halda prezident seçkisi nə dərəcədə legitim sayılacaq? Bu cür seçilən prezident ölkənin hansı ərazisini idarə edəcək?

Müharibənin gedişində dövlət başçısının demokratik üsulla seçilməsinə dünya ictimaiyyətinin inandırılması çox çətin məsələdir. Digər tərəfdən, müxalifətin özünün seçkiyə birmənalı münasibəti yoxdur. Problem heç də onların hakimiyyətə münasibətindən qaynaqlanmır. Daha mürəkkəb vəziyyət müxaliflər arasında fikir birliyinin olmamasından meydana gəlir.

Ekspertlər bu aspektdə diqqəti ona yönəldirlər ki, Suriyadakı müxalif qruplaşmalar öz aralarında da savaşırlar. "Əl-Qaidə"yə bağlı olan qruplaşmalar digər dini qruplar və kürdlərlə vuruşurlar. Onların sırasında "İraq və Şam İslam Dövləti" adlı qruplaşma daha fəaldır. Bəzi yerlərdə onlar uğur qazansalar da, son dövrlərdə məğlubiyyətə uğrayırlar. Buna baxmayaraq, onlar hələ də kifayət qədər ciddi təhlükə törədirlər.

Yeni ziddiyyətlər: daha təhlükəli mərhələnin əlamətləri

Hazırda Suriyanın bir neçə bölgəsi qeyri-qanuni fəaliyyət göstərən müxalif qrupların nəzarəti altındadır. Belə çıxır ki, onlar B.Əsədin təşkil etdiyi seçkilərdə iştirak etməyəcəklər. Bəs onda prezident seçkisi yeni daxili ixtilaflara təkan verməyəcəkmi? Ekspertlər hesab edirlər ki, məhz belə də olacaq. Ölkə yeni səviyyədə silahlı toqquşmaların təsir dairəsinə düşəcək.

Ancaq burada B.Əsəd faktorunu diqqətə almaq lazımdır. Mümkündür ki, o, seçkidə qalib gələndən sonra daha şiddətlə silahlı müxalifətin üstünə gedəcək. Maksimal dərəcədə geniş əraziyə nəzarəti ələ keçirəndən sonra isə başqa taktikaya əl ata bilər. Bu halda ölkə daxilində münaqişələrin sönəcəyinə ümid etmək çətindir.

Digər tərəfdən, Qərb ölkədə islahatların aparılmasında israr edir. B.Əsəd isə bu istiqamətdə heç bir iş görmək istəmir. ABŞ-ın Suriyadakı keçmiş səfiri Edvard Cerejian müsahibələrinin birində B.Əsədi belə xarakterizə edir: "2003-cü ildə ona dedim ki, ölkədə heç bir irəliləyiş hiss edilmir (demokratik islahatlar aspektində – Newtimes.az). Onun verdiyi cavabı heç zaman unutmaram. O dedi: "Cənab səfir Cerejian, insanlar islahatlara hazır olmalıdırlar, onlar isə hələ hazır deyillər, ona görə də inzibati islahatlardan başlamalıyıq" (bax: Сирия: от "многоконфессиональной мозаики" до религиозных войн / "Голос Америки", 29 aprel 2014).

Göründüyü kimi, ümumiyyətlə, B.Əsəd demokratik islahatlar aparmaq fikrində olmayıb. O, hakimiyyətini qorumaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdır. Buna baxmayaraq, onun mövqeyi möhkəmlənib. Xarici dəstək hesabına müxalifət üzərində bir neçə qələbə qazana bilib. Şübhə yoxdur ki, bu məsələdə ona ən böyük hərbi dəstəyi "Hizbullah" verib.

Bunların fonunda müşahidəçilər B.Əsədin hakimiyyətdə qalmasında İranın ciddi rol oynadığını qeyd edirlər. Konkret olaraq, seçki keçirilsə, Tehrana dost olan bir nəfərin prezident olması daha çox inandırıcıdır. Yaranmış vəziyyətin bu tərəfi, yəni Qərbin Suriyadakı seçkini həm də geosiyasi məna daşıyan bir hadisə kimi qiymətləndirməsi tam gözləniləndir. Bunu nəzərə alsaq, B.Əsəd iqtidarının perspektivli olması haqqında söz deməyin çətin olduğunu etiraf etməliyik.

Ekspertlərin rəyinə görə, artıq yeni Suriya Əsədsiz olmalıdır. Bunu aksiom kimi qəbul etsək, onda iyun ayında olacaq seçkinin də ölkədəki problemi həll etməyəcəyi qənaətinə gələrik. O zaman belə məlum olur ki, hazırda Suriyada müharibədə qalib gəlmək eyni zamanda siyasi qələbəyə təminat vermir. Ölkə kifayət qədər dərin böhran içərisindədir. Bu aspektdə mütəxəssislər iqtisadi sahədə müşahidə edilən tənəzzülü ön plana çəkirlər. Qərb Dəməşqə qarşı tətbiq etdiyi sanksiyalarla dinc əhalinin də vəziyyətini pisləşdirir. Məsələn, Suriya funtu dəyərdən düşür və ölkədə inflyasiyanın səviyyəsi yüksəlir.

Bütün bunlar Suriyada vətəndaş müharibəsində B.Əsədin uğur qazanmasının siyasi dividendlərinin nələrdən ibarət olacağının müəmmalı olmasını göstərir. Burada ən çox təhlükə daxili çəkişmələrin güclənməsindən qaynaqlanır. Müxalifətin silahlı qrupları öz aralarında münasibətləri aydınlaşdıra bilmirlər. Onlar bir-biri ilə vuruşurlar.

Kürdlər və ermənilər isə öz maraqlarını qorumaq adı ilə silahlanıb, ölkəni parçalayırlar. Artıq "Yeni Asala" adlanan təşkilatın Suriyada təlim keçdiyini deyirlər. Erməni terrorunun bütövlükdə Yaxın Şərq üçün təhlükə olduğu məlumdur. Onun yenidən dirçəldilməsi şübhəsiz ki, regiona əlavə qeyri-müəyyənlik gətirəcək. Mümkündür ki, erməni terrorçular bəzi bölgələrdə öz muxtar qurumlarını yaratmaq işinə girişsinlər. Kürdlər artıq Suriyada öz muxtar qurumlarını yaratdıqlarını bəyan ediblər. Lakin onlar da bir neçə qrupa bölünürlər və nüfuz uğrunda aralarında ixtilaflar böyüyür.

Görünür, Suriyada hakimiyyət-müxalifət qarşıdurmasında B.Əsədin hərbi üstünlük əldə etməsi mövcud problemləri həll etmək iqtidarında deyil. Faktiki olaraq, ölkə yeni ziddiyyətlər burulğanına doğru sürüklənir. Bu aspektdən baxanda, Suriya məsələsinin hələ uzun müddət qlobal geosiyasətin başağrısı olacağını demək mümkündür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.