“Azərbaycanda fəaliyyət göstərən bəzi səfirliklərin bir sıra hallarda öz mandatına uyğun hərəkət etməməsi təəssüf doğurur.
Biz bunun dəfələrlə şahidi olmuşuq.
Əgər hüquq mühafizə orqanlarının kimlərəsə sualları varsa diplomatlar bu məsələdə Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdır. Heç bir səfirlik ölkənin daxili işlərinə müdaxilə etməməlidir”.
Bu sözləri Milli Məclisin deputatı Fuad Muradovözünün sosial şəbəkədəki rəsmi səhifəsində Azərbaycanda akkreditə olunmuş diplomatik şəxslərin son günlər sərgilədiyi mövqeyə münasibət bildirərkən yazıb.
“Fransa səfirliyinin son qalmaqallı viza verilməsi ilə bağlı operativ hərəkəti qəribədir. Halbuki bizim vətəndaşlar ümumi qaydada viza almaq üçün xeyli əziyyət çəkirlər. Səfirliklər Milli Məclisin deputatlarına vətəndaşların müalicəsi və digər məsələlərinin həlli ilə bağlı onların ünvanladıqları viza müraciətlərinin cavablandırılması üçün 15-20 gün gözlmək lazım olduğunu bildirirlər.
Bu o zaman baş verir ki, Azərbaycan Avropa Birliyi ilə sadələşdirlimiş viza almaq haqqında sazişi imzalayıb. Belə yanaşma düz deyil və bəzi səfirliklər Avropa Birliyinin qərarlarına heç hörmət etmirlər”-deyə F.Muradov vurğulayıb.
Deputat bildirib ki, səfirlər ölkədaxili məsələlərə münasibət bildirməzdən əvvəl düşünməlidirlər. “Səfirlər danışmazdan əvvəl nəzərə almalıdırlar ki, təmsil etdikləri ölkənin xalqı ilə bizim xalq arasında isti və səmimi münasibətlər var. Onların bu hərəkətləri bəzən bu isti münasibətlərə gölgə salır.”
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Uorlikin son açıqlamalarına toxunan F.Muradov bildirib ki, onun irəli sürdüyü arqumentlər heç bir fakta söykənmir.
“Uorlikin ermənilərə sevgisini başa düşürəm. Lakin onun səsləndirdiyi fikirlər Qarabağla bağlı aparılan danışıqlarda Uolrikin sülh vasitəçisi missiyasına kölgə salır. Biz ümid edirik ki, belə şəxslər Azərbaycan –ABŞ əlaqələrinə xələl gətirə bilməz”.