Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ANS CM radiosunda hər həftənin şənbə günü efirə gedən “Qafqaz top 20” verilişində erməni mahnılarının səsləndirilməsinə münasibət bildirib.
Şura sədri ERtv-yə bildirib ki, bu verilişdə erməni mahnılarının səsləndirilməsinə münasibəti mənfidir və bununla bağlı ANS rəhbərliyinə irad bildirilib.
“Çox təəssüf ki, belə hallarla qarşılaşırıq. Bu gün efirə erməni mahnısı verən, sabah erməni kinosu verəcək. Çox həssas vəziyyətdə insanların hissləri ilə oynamaq lazım deyil.
Bizim efirlərdə erməni mahnılarının verilməsi məqsədəuyğun deyil. Biz öz iradımızı bildirmişik, indi isə cəmiyyət öz mövqeyini bildirməlidir”, - deyə, Şura sədri qeyd edib.
Qeyd edək ki, “Qafqaz top 20” verilişinin aparıcısı Aytən Səfərova, ideya müəllifi isə Vahid Mustafayevdir.
Aparıcı daha əvvəl Gün.Az-a bildirmişdi ki, Qafqaz respublikaları dedikdə, bura Ermənistan da daxildir.
“Xəritəyə baxdıqda, Ermənistan da gözümüzə sataşacaq. Qafqaz adı gələndə bu ölkəyə aid mahnını çarxımıza daxil etməyə bilməzdik. Hər halda obyektivliyi qorumaq lazımdı. Digər tərəfdən isə biz çalışırıq ki, ümumiyyətlə musiqidə, mədəniyyətdə sərhəd qoymayaq”.
Xatırladaq ki, az müddət əvvəl “Salam Azərbaycan” verilişinin aparıcısı olan Aytən Səfərova mayın 17-ə konsert təyin edən Natəvan Həbibiyə irad bildirərək, Laçın rayonunun ermənilər tərəfindən işğal olunması günü konsert verməyin düzgün olmadığını bildirmişdi. Aparıcı bir az da uzağa gedərək Natəvan Həbibinin Laçın trasında oxuyacağını demişdi.
Hazırda isə A.Səfərovanın özü işğalçıların mahnısını səsləndirdiyinə görə tənqid hədəfinə çevrilib.