Bu gün görkəmli tarzən, xalq artisti Ramiz Quliyevin 67 yaşı tamam olur.
ERtv xəbər verir ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda doğulub. O, Azərbaycan musiqi ifaçılığı sənətində böyük iz qoymuş parlaq sənətkarlardandır.
XX əsrin 60-cı illərində təməli qoyulmuş müasir tar ifaçılığı məktəbinin yaranması və təşəkkülü onun adı ilə bağlıdır.
Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə tanış olmasın. Onun xarici ölkələrə qastrolları da həmişə uğurla keçərək, böyük rezonans doğurub.
R.Quliyevin tarı Türkiyə, Əfqanıstan, Qvineya-Bisau, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, Avstriya, İsrail, Norveç, Moldova və dünyanın digər ölkələrində heyranlıqla qarşılanıb.
1974-cü ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında ona birinci mükafata, həmin ilin oktyabr ayında isə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində 1100 nəfər iştirakçı arasında laureat adına layiq görülüb.
1987-ci ildə Səmərqənddə keçirilən III Beynəlxalq musiqişünaslıq simpoziumunda R.Quliyev Sadıqcan adına muğam üçlüyünün rəhbəri və solisti kimi böyük müvəffəqiyyətlə çıxış edib.
1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalındakı uğurlu çıxışından sonra o, yüksək ifaçılıq məharətinə görə komitə rəhbərliyinin xüsusi diplomuna layiq görülüb. 1989-cu ildə isə R.Quliyev ənənəvi “Böyük ipək yolu” festivalına dəvət olunaraq, 40 gün ərzində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər verib.
1997-ci ildə dünya şöhrətli musiqiçi M.Rostropoviç Ramiz Quliyev və oğlu Əyyub Quliyevlə birlikdə ifalarını yüksək qiymətləndirərək, onları aprel ayında Bakıda, may ayında isə Moskvada keçirilən 70-illik yubileyində çıxış etmək üçün dəvət edib.
1997-ci ilin dekabrında İsrailin Yerusalim şəhərində Beynəlxalq Şərq musiqisi festivalında öz çıxışları ilə fərqlənib və orada yaratdığı “Şərq alətləri orkestri”ni nümayiş etdirib.
1993-cü ildə sənət uğurlarına görə “Humay” Beynəlxalq Milli mükafatına layiq görülmüşdür. 2001-ci ilin sənət uğurlarına görə “Simurq milli mükafat fondu”nun təsis etdiyi “XXI əsrin ilk laureatları” ali dərəcəli mükafatı, “İlin fədakar sənətçisi” fəxri adına layiq görülüb. O, musiqi ifaçılığı sənətinin inkişafındakı böyük xidmətlərinə görə əməkdar (1982), xalq artisti (1988) fəxri adları ilə təltif edilib.
Görkəmli tarzən yorulmaz ifaçılıq fəaliyyəti ilə yanaşı, pedaqoji sahəyə də çoxlu güc və qüvvə sərf edir. Artıq bir çox illərdir ki, Ramiz Quliyev gənc ifaçı və müəllimlərin böyük bir ordusunu yetişdirməklə, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir.
Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləyib, köçürdüyü bir çox, olduqca dəyərli əsərləri çapdan çıxıb. R.Quliyev bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir.
40 ildən artıq bir müddətdə professor R.Quliyevin sinfini bitirmiş tələbələri Azərbaycanın ali və orta ixtisas tədris müəssisələrində, orkestr və ansambllarda, eləcə də xarici ölkələrdə fəaliyyətlərini davam etdirirlər.
R.Quliyev İsveçrənin “La strimpellata” orkestri, Vyana Dövlət Kamera orkestri, Podlaziya Opera və Filarmonik orkestri, Koşalin və Lublin şəhərlərinin Filarmonik orkestrləri (Polşa), Rusiya Dövlət Akademik rus xalq çalğı alətləri və estrada simfonik orkestrləri, N.Osipov adına Rusiya Dövlət Akademik Milli Orkestri, İran İslam Respublikasının Dövlət Milli orkestri, Moldova Dövlət Filarmonik və Dövlət Teleradio Simfonik orkestrləri, Belarus Dövlət Akademik simfonik orkestri, Novosibirsk və Kalininqrad şəhərlərinin filarmonik orkestrləri, Özbəkistan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət simfonik və kamera orkestrləri, Niyazi adına Azərbaycan Televiziyasının simfonik orkestri və digər kollektivlərlə konsertlər verib.
“İncəsənət xadimləri ücün Azərbaycan Respublikasi Prezidentinin mükafatinin təsis edilməsi haqqinda” prezidentin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq, uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə mükafatla təltif olunub.
2007-ci ilin may ayında ölkə başçısının sərəncamı ilə Ramiz Quliyev musiqi sənətinin inkişafındakı xidmətlərinə görə ölkənin ən yüksək mükafatı “Şöhrət Ordeni” ilə təltif olunub.