“Şahdəniz-2” yatağından hasil olunan qazın Avropaya nəqli meqa layihədir və özü ilə nəhəng imkanlar gətirir.
ERtv xəbər verir ki, bu sözləri Dövlət Neft Şirkətinin Belçika nümayəndəliyinin direktoruVüsal Məmmədov Brüsseldə Türk Əlaqələndirmə Platformasının (Turkish Connexion Platform) təşəbbüsü ilə təşkil olunmuş nahar yeməyində bildirib.
O qeyd edib ki, yataq 1,2 trilyon kub metr qaz ehtiyatı ilə dünyada ən böyük qaz mənbələrindən biridir.
“Layihələrin yekununda Avropaya ildə 10 milyard kub metr, Türkiyəyə isə 6 milyard kub metr qaz ixrac etmək mümkün olacaq. İlk çatdırılma 2018-ci ildə Gürcüstan və Türkiyəyə, növbəti ildə isə Avropaya olacaq”-deyə, o əlavə edib.
Həyata keçirilməkdə olan layihələri dünyanın ən yenilikçi və mürəkkəb layihələri sırasına daxil edən V.Məmmədov boru kəmərlərinin trayektoriyası və gələcək genişlənmə potensialı haqda məlumat verib.
O, Azərbaycan qazının Avropaya çatdırılmasının strateji əhəmiyyətini bir neçə faktorla izah edib.
“İlkin olaraq Avropanın enerji təhlükəsizliyi, o cümlədən enerji qiymətləri baxımından Şahdəniz qazı Avropa ölkələri üçün optimal variantdır. Bundan əlavə, təmiz enerjiyə keçid Avropa İttifaqının qarşısına qoyduğu məqsədlər sırasındadır. Yüksək enerji qiymətlərini Şimali Amerikadan planlaşdırılan qaz idxalı aşağı salmayacaq. Siyasi və iqtisadi məqsədlər uzlaşdığı üçün layihənin gerçəkləşməsi imkanları da maksimaldır”,-SOCAR nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, Şahdəniz qazı Avropaya təchizat diversifikasiyası üçün əlavə imkanlar yaradır.
“Bundan əlavə, bu, cənub-şərqi Avropada yeni birləşdiricilərin işə salınması istiqamətində əhəmiyyətli təkandır. Təbii ki, bütün bunlarla yanaşı, çoxsaylı sərmayələr və iş yerləri iqtisadi həyatın canlanmasına müsbət təsir göstərir”.
V.Məmmədov Şahdəniz qazının Avropaya nəqlində Azərbaycanın strateji maraqlarına da toxunub. O bildirib ki, Azərbaycan Avropanın qaz təchizatçısı olmağı özünün strateji məqsədi hesab edir.