Azərbaycan Dövlət İqtisad Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsi keçirilib.
ERtv-nin məlumatına görə, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında rayon, şəhər mərhələlərinin qalibi olan 72 nəfər müəllim iştirak edib.
Olimpiya sistemi üzrə təşkil olunan final bir gün ərzində başa çatıb. İsmayıllı şəhər 7 saylı tam orta məktəbin müəllimi Niftəliyev Cahangir birinci yerin, Cəlilabad şəhər 4 saylı tam orta məktəbin müəllimi Bağışov Anar ikinci yerin, Salyan rayonu Dayıkənd kənd tam orta məktəbin müəllimi Kazımov Fuad üçüncü yerin sahibi olublar.
Qaliblər və fəal iştirakçılar hər iki təşkilatın birgə Fəxri Fərmanı, Diplomu ilə təltif olunub və onlara pul mükafatları verilib.
Qeyd edək ki, şahmatı geniş təbliğ etmək və yaymaq, asudə vaxtı mənalı və səmərəli keçirmək məqsədi ilə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü geniş qeyd etmək üçün ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi haqqında Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar imzalayıblar.
Qərara uyğun olaraq, yarışın birinci mərhələsi mart ayının 10-dək ümumtəhsil məktəblərində, ikinci mərhələsi aprel ayının10-dək şəhər və rayonlarda keçirilib.