İspaniya Azərbaycanda hotellər, hotellər şəbəkəsi və ümumiyyətlə, turizm sahəsinin inkişafına yardım göstərmək niyyətindədir.
ERtv-nin məlumatına görə, bu barədə Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumu çərçivəsində İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia Marqallojurnalistlərə açıqlamasında deyib.
“İspaniyanı ildə 60 mln. turist ziyarət edir. İspaniya turizm sahəsində böyük təcrübəyə malikdir. Hazırda gələn nümayəndə heyətinin tərkibində İspaniya Milli Hotellər Şəbəkəsi də təmsil olunur. Biz Azərbaycanda bu sahənin inkişafına yardım etmək niyyətindəyik” - deyə, o qeyd edib.
Nazir İspaniyanın Cənub qaz dəhlizinin tikintisində çox maraqlı olduğunu deyib.
“Əməkdaşlıqda vacib sahə qaz sahəsidir. Həmçinin digər sahələri İspaniya şirkətləri nəzərdən keçirir. Belə ki, tikinti, telekommunikasiya, su idarə olunması sahəsində şirkətlər var və layihələr gözlənilir.”
O, bildirib ki, hazırda Azərbaycanda 30 ispaniya kapitallı şirkət fəaliyyət göstərir.
“Ancaq bu potensialı əks etdirmir. İkitərəfli ticarət, investisiya axını artırmağa imkan var və artırmaqda maraqlıyıq. İspaniya Azərbaycan iqtisadiyyatının modernizasiyasında iştirak edə bilər”.
İspaniya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 1993-cü ildən indiyədək cəmi 3 mln. avro sərmayə qoyulub. Azərbaycan tərəfindən İspaniyaya qoyulan sərmayə isə bundan da azdır.