Karim ləqəbli pişik evdən gedən sahiblərinin ardınca 3 min km yol gedib.
ERtv-nin ANS Press-ə istinadən verdiyi xəbərə görə, bir çox insanların sadiq dostu olan pişiyin Özbəkistanın Gülüstan rayonundan Rusiyanın Lisok rayonuna qədər getməsi iki il vaxt aparıb.
Karim adlı göy göz ev heyvanı 3 dövlət sərhədi keçib və beləliklə insan ağlına gəlməyən yollarla sahiblərini tapa bilib.
Evdar qadın Ravilya Xairova, həyat yoldaşı Lev və oğlu Ruslan Özbəkistandan Rusiyaya köçmək qərarına gəliblər. Bu zaman onların ən böyük problemlərindən biri də sevimli pişiklərini Özbəkistanda qoymaq olub. Pişiyin qatarda 3 sutka dayana bilməyəcəyini düşünən ev sahibləri onu Özbəkistanda qoyublar.
Yaxın qonşuları olan bir xanımla razılaşaraq pişiyi qadına veriblər. Ailə Rusiyaya gəlib çatan kimi qonşuları ilə əlaqə saxladıqda kədərli xəbər ilə üzləşiblər. Karim sahibləri köçdükdən bir gün sonra evdən qaçıb və bir daha heç yerdə görünməyib.
Hadisədən təxminən il yarım keçdikdən sonra, günlərin bir günü Ravilya bazarda sevimli pişiyi ilə üz-üzə gəlib. İllər öncə 3 min km uzaqda qoyub getdiyi pişiyini tanımaya bilməzdi.
“O, məni tanıdı, adını çağırdım, gəldi yanıma. Mən şokda idim! Qucağıma aldım pişiyi, bütün yol boyunca diqqətlə baxdım ona, bütün əlamətləri bizim pişiyimizin idi”- deyə, qadın bildirib.