Tərəfdar çıxdığımız, ratifikasiya etdiyimiz beynəlxalq sazişlər, konvensiyalar sonradan ölkəmizi sıxmaq, onu təsir altında saxlamaq üçün bəzi qüvvələrin əlində təzyiq rıçaqına çevrilir.
Yəni, ölkəmizə qarşı daim ikili standartlardan çıxış edən həmin qərəzli, qeyri-sağlam qüvvələr məlum konvensiyalar və sazişlərdən sui-istifadə edərək Azərbaycanı qapazaltına çevirmək istəyirlər.
ERtv xəbər ki, bu fikirləri Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin aprelin 22-də keçirilən iclasında “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı sözügedən komitənin sədr müavini Yevda Abramovdilə gətirib.
“Mən etiraz etmirəm, biz beynəlxalq qurumlarla, Avropa Şurası ilə də, Avropa Məhkəməsi ilə də, digərləri ilə də əməkdaşlıq etməliyik.
Həmçinin, onlar tərəfindən təklif olunan sənədləri ratifikasiya etməliyik, bu, vacib və lazımlıdır. Amma həmin əməkdaşlıq, həmin beynəlxalq qanunvericilik sonradan bizə qarşı təzyiq alətinə çevrilməməlidir. Biz axı, nə vaxta qədər ikili standartlardan əziyyət çəkməliyik?
Özü də nəinki “Freedom Hose”, “Human Right Watch”, Beynəlxalq Amnistiya Təşkilatı” və digər beynəlxalq QHT-lər, o cümlədən, nüfuzlu beynəlxalq qurumlar, elə həmin Avropa Şurası, elə həmin Avropa Məhkəməsi bizə qarşı fürsət düşdükcə qeyr-obyektiv mövqe nümayiş etdirir, ikili standartlardan çıxış edirlər.
Onlar bircə dəfə olsun belə, həmin beynəlxalq QHT-ləri çağırıb soruşublarmı ki, niyə Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış edirlər, niyə Azərbaycanı təcavüzkar və işğalçı Ermənistanla eyniləşdirir, hətta, əksər hallarda Ermənistanı insan hüquq və azadlıqlarına riayət edən ölkələr arasında Azərbaycandan öndə qeyd edirlər?” - deyə, Y.Abramov vurğulayıb.
Millət vəkilinin dediyinə görə, lakin təəssüflər olsun ki, bu sualların cavabı yoxdur.
“Mən özüm də həmin təşkilatların nümayəndələri ilə görüşəndə soruşuram ki, niyə Əli Kərimlidən, İsa Qəmbərdən, hətta, Leyla Yunusdan Azərbaycanda insan hüquqlarını vəziyyətini öyrənirsiniz, onlardan müsahibələr alırsınız, amma gəlib bizlərdən - Azərbaycan parlamentinin üzvlərindən, dəyərli, nüfuzlu hüquqşünaslardan heç nə soruşmursunuz?
Bir müddət öncə Azərbaycanda keçirilən növbəti Beynəlxalq Humanitar Forumun iştirakçılarını, o cümlədən, ABŞ Konqresinin bəzi üzvlərini komitəmizdə - Rəbiyyət xanımın otağında qəbul etdim və onlarla xeyli söhbətləşdim.
Dedim ki, niyə bizə qarşı bu cür ikili standartlardan çıxış edirsiniz?
Dedim ki, siz - ABŞ Konqresinin üzvləri xəritədə Azərbaycanın yerini tapıb göstərə bilmirsiniz, amma bizdə 5-ci sinifdə oxuyan uşaq da ABŞ-ın bütün ştatlarının yerini, adını bilir, bunun müqabilində isə, yəni, Azərbaycanı tanımaya-tanımaya, onun haqqında qərəzli, qeyri-obyektiv hesabatlar, rəylər yazırsınız, yayırsınız... Axı, niyə, nə üçün?
Hətta, həmin görüşdən sonra nüfuzlu ABŞ qəzetlərindən biri yazmışdı ki, müsəlman ölkəsinin yəhudi əsilli millət vəkili od püskürdü... Mən od püskürmürəm, sadəcə, olanları, üzləşdiyimiz haqsızlıqları deyirəm...”, - deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.