Bakıda “Mançester Yunayted” klubunun futbol akademiyası yaxın vaxtlarda açıla bilər.
ERtv-nin verdiyi xəbərə görə, AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, danışıqlar aparmaq üçün bir həftədən sonra futbol akademiyasının nümayəndələri Bakıya gələcəklər.
“Bildiyiniz kimi, “Mançester Yunayted” futbol akademiyasının nümayəndələri altı ay əvvəl Bakıya gəlmişdilər. İndi də danışıqlar aparılması üçün növbəti dəfə nümayəndələr Bakıya gələcəklər”, - deyə, o bildirib.
E.Məmmədov qeyd edib ki, müxtəlif klubların futbol akademiyaları ilə danışıqlar aparılıb.
“Amma biz istəyirik ki, daha səmərəli nəticələr əldə edəcəyimiz akademiya açılsın. “Mançester Yunayted”in futbol akademiyası Bakıda fəaliyyət göstərərsə, istəyirik ki, əsas məşqçilər burada yaşasınlar və bölgələri gəzərək yeni istedadlar axtarsınlar”.
“Bakcell” şirkətinin baş marketinq direktoru Aynur Abjanova da akademiyanın açılışı üçün AFFA ilə klub arasında danışıqların yaxın vaxtlarda uğurla başa çatacağına inandığını qeyd edib.