Bakıda Heydər Əliyev Sarayında III “Univiziya” Tələbə Mahnı Müsabiqəsinin final mərhələsi keçirilib.
ERTv xəbər verir ki, yarımfinal mərhələsində iştirak edən 22 təhsil müəssisəsindən 14 ifaçı final uğrunda mübarizə aparıb.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, sözügedən müsabiqə MDB ölkələri arasında kifayət qədər vüsət alıb.
“Artıq 3 ildir ki, müsabiqə keçirilir və bu müddət ərzində müsabiqəyə olan maraq hər il daha çox artır. Burada hamı, bütün Azərbaycan gəncliyi birləşib. Bu da onu göstərir ki, gənclərimizdə birlik var. Ölkə başçısı İlham Əliyev daim gənclərə öz diqqətini göstərir. Çox sevindirici haldır ki, gənclərimiz hər zaman bunu hiss edirlər” - deyə, nazir bildirib.
Daha sonra isə müsabiqənin final mərhələsinə start verilərək, iştirakçılar bir-birinin ardınca maraqlı səhnə performansları ilə öz uğurlu musiqi töhfələrini ifa ediblər. Onların ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Peşəkar mədəniyyət, incəsənət xadimləri və musiqiçilərdən ibarət münsiflər heyətinin tərkibinə əməkdar artistlər Tünzalə Ağayeva, Nailə Məmmədzadə, Gənclər və İdman Nazirliyinin rəsmisi Elnur Abdullayev, Yalçın Cabbarov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, Natəvan Quliyeva və Gülnarə Xəlilova daxil olub.
Ən nəhayət isə müsabiqənin qalibi I yerə “ADA” Universitetinin təmsilçisi Günay Bədəlova layiq görülüb. II yerə Bakı Dövlət Universitetinin (BDU) təmsilçisi Əlihüseyn Quluzadə və Bakı Slavyan Universitetinin (BSU) təmsilçisi Kəmalə Novruzova, III yerə isə Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) təmsil edən “Old Academy” qrupu layiq görülüblər.
Qalib seçilmiş Günay Bədəlova mayda Bakıda keçiriləcək II Beynəlxalq “Univision” Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, müsabiqə Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə ATGTİ tərəfindən reallaşdırılır.