ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper tabeliyində olan işçilərə rəhbərliyin razılığı olmadığı mövzularla bağlı jurnalistlərə məlumat verilməsini qadağan edib.
ERtv İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, 20 mart tarixində imzalanan sənədə görə mətbuat nümayəndələri ilə yalnız kəşfiyyat idarəsinin rəhbərliyi, yaxud xüsusi icazəsi olan əməkdaşlar əlaqə saxlaya, hər hansı məsələ haqda məlumat verə bilər.
Digər işçilərin jurnalistlərlə danışması qəti qadağan olunub. Bu direktivin pozulduğu təqdirdə həmin şəxsə qarşı “administrativ tədbirlər” həyata keçiriləcək. Bu tədbirlərə gizli informasiya əldə etmək imkanının məhdudlaşdırılması və ağır hallarda əmək müqaviləsinin pozulması daxildir. Heç bir gizli informasiya əvvəlcədən planlaşdırılmamış, yaxud müəyyən olunmayan kontaktlarla KİV-lərə ötürülə bilməz – direktivdə qeyd olunur.
Bu qadağa təkcə gizli informasiyaya deyil, bu qriflə qeyd olunmayan bütün digər informasiyalara da aiddir.
Ekspertlər bu direktivin qəbul olunmasını ABŞ administrasiyasının gizli məlumatların ötürülməsinin qarşısını alınmaq sahəsində atdığı addım kimi qiymətləndirir.