Pakistanın diplomatik çevrələrdə böyük nüfuza malik olan “Centreline” jurnalı və “DNA” informasiya agentliyi Avropa İttifaqı və NATO üzrə ekspert Ansar Mahmud Battinin “İkili standartlar və dünya təhlükəsizliyi” adlı məqaləsi dərc edilib.
ERtv ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə, referendum pərdəsi arxasında Krımın aneksiyası və Ukraynanın cənub və şərq regionlarında stabilliyin pozulması nəticəsində Rusiya ilə Qərb arasında münasibətlərini son dərəcədə gərginləşdiyi bildirilib.
Müəllif, İkinci Dünya müharibəsi zamanı olduğu kimi bir Avropa ölkəsinin digər ölkənin ərazisinin aneksiyası faktına ABŞ və Avropa İttifaqının mövqeyinin sərt olaraq Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq olunduğunu qeyd edib.
Vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermə zamanı Rusiyanın bu addımını pisləyən qətnaməyə Rusiya veto qoyub.
Hətta Rusiyanın ənənəvi müttəfiqi olan Çin də bitərəf qalaraq Rusiyanı dəstəkləməyib. Eyni zamanda Avropa Şurasının Parlament Assambleyası Rusiyanı səsvermə hüququndan məhrum edib, Avropa Şurasının bütün rəhbər orqanlarında Rusiyanın səlahiyyətlərini ilin sonuna qədər dondurub.
Məqalənin müəllifi, beynəlxalq ictimaiyyətin Ukrayna böhranında tutduğu prinsipial mövqeyin yalnız alqışlana biləcəyini qeyd edərək, bu kimi mövqeyin niyə yalnız seçilmiş hallarda tətbiq olunduğu sualını ortaya qoyub. Müəllif, yaxın tarixi nəzərdən keçirərək, Cammu və Kəşmir, Fələstin, Dağlıq Qarabağ məsələlərinə dair verilmiş qərarlara məhəl qoyulmadığı halda, BMT TŞ-nin Şərqi Timor, Cənubi Sudan, Kosovo münaqişələri barəsində qəbul edilmiş qətnamələrinin dərhal icra olunduğu faktının təəccüb doğurduğunu qeyd edib.
Daha sonra Batti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında yazaraq, münaqişənin iştirakçısı olan hər iki ölkənin Avropa Şurasının üzvü olduqlarını vurğulayıb.
Bildirib ki, Ermənistan problemin həllində maraqlı deyil, vaxtı uzadaraq ”nə sülh, nə müharibə” statusunu qoruyub saxlamaqla məşğuldur. Eyni zamanda məsələnin həll edilməsi ilə məşğul olan beynəlxalq vasitəçilər də öz vəzifələrinə ciddi yanaşma göstərmirlər.
Yazıda bildirilib ki, Ermənistana qarşı beynəlxalq sanksiyaların əslində çoxdan tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı Xocalı şəhərində soyqırımı törədib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Minlərlə Azərbaycan vətəndaşı həlak olub, bir milyon insan isə qaçqın həyatını sürməkdədir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir.
Sonra məqalədə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilmədiyi, digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə də məhəl qoyulmadığı qeyd edilib.
Bu yanaşmanı şərh edən A.M.Batti, “Bu ikili standartların bariz nümayişi deyilmi? Nə üçün işğalçı qəti şəkildə ittiham olunmur, AŞPA Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?!... Nə vaxta qədər cinayətlərdə əli olanlara qarşı sanksiyalar tətbiq edilməyəcək? Nə vaxta qədər işğalçılar azad şəkildə Qərbə səfər etmək iqtidarında olacaqlar?” suallarına ortaya qoyub.
Pakistan mətbuatında dərc edilmiş məqalə, “Dünya artıq ikili standartlardan yorulub. Çünki bu ikili standartlar təhlükəsizliyin pozulması, xaos, soyuq müharibələrlə nəticələnə bilər. Bu, beynəlxalq qanunun əsaslarına çağırışdır ki, bu da sülhə qarşı açıq təhlükədir”, sözləri ilə yekunlaşıb.
Məqalələrin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.
http://dnanews.com.pk/?p=29781