Qadınların Azərbaycanda, yerlərdə qərar qəbuletmə və idarəçilikdə iştirakı hələ də istədiyimiz səviyyədə deyil.
ERtv xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Almaniyanın GİZ təşkilatının birgə həyata keçirdiyi mentorluq layihəsi çərçivəsində parlamentdə aprelin 21-də keçirilən dəyirmi masada sözügedən komitənin sədri Hicran Hüseynova dilə gətirib.
Komitə sədrinin qeyd etdiyinə görə, bu məsələdə bir sıra məqamlar var ki, qadınların yerlərdə qərar qəbuletmə və idarəçilikdə təmsil olunmalarına maneçiliklər yaradır.
O qeyd edib ki, bu problemlər, maneçiliklər Azərbaycanın müharibə şəraitində olması, həmçinin, qadınların idarəçilik təcrübəsinin azlığı, o cümlədən bir sıra mənəvi-psixoloji məqamlarla əlaqəlidir.
Bununla yanaşı, H.Hüseynovanın bildirdiyinə görə, son illər Azərbaycanda qadınların qərar qəbuletmə və idarəçilikdə təmsil olunması məsələsinə ciddi diqqət yetirilir və artıq qadın siyasəti dövlət siyasətinə çevrilib.
“Məsələn, 1990-cı ildə ümumi deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların iştirakı 16 faizə çatıb. Eyni zamanda, son bələdiyyə seçkilərində qadın bələdiyyə üzvlərinin sayı 5 dəfə artaraq 4 min 194 nəfər təşkil edib. Bununla yanaşı, əvvəlki illərlə müqayisədə son dövrlər Azərbaycanda icra hakimiyyəti başçılarının müavinlərinin böyük əksəriyyətini qadınlar təşkil etməkdədir” – deyə, H.Hüseynova bildirib.