Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi əlavə olunub.
ERtv-nin Benelüks Azərbaycanlıları Konqresindən (BAK) verilən məlumata görə, yeni təşkilatlar Brabant Əyaləti Azərbaycanlılarının Məclisi və Şimali Hollandiya Azərbaycanlılarının İttifaqıdır.
Qeyd edək ki, hər iki təşkilat Benelüks Azərbaycanlıları Konqresinə bağlı fəaliyyət göstərəcək.
Aprelin 13-də Niderlandın böyük şəhərlərindən birində, Rotterdamda BAK – ın təşkilatçılığı ilə yeni yaradılmış təşkilatların təqdimat mərasimi olub. Mərasimin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himinin oxunması ilə başlayıb.
Bundan sonra Disaporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub.
Brabant Əyaləti Azərbaycanlılarının Məclisinin sədri Ofeliya Babayevaya və Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərova çıxışlarında təşkilatlarının yaranma səbəblərindən, gələcək planlarından söhbət açıblar. Hər iki təşkilat sədri zala toplaşanları təşkilatlarının idarə heyətinin üzvləri ilə tanış ediblər.
S.Cəfərova rəhbərlik etdiyi təşkilatın 2013 – cü ildə yaradıldığını qeyd edərək bu günə qədər gördükləri işlərdən danışıb. O, yerli təşkilatlarla əməkdaşlıq etməyə üstünlük verdiyini qeyd edərək, “Repub,” “Stem van de stad,” “Pletterij debat en cultuur” kimi təşkilatlarla əməkdaşlıqlarını misal göstərib. O deyib ki, Amsterdamda “Ana dili” həftə sonu məktəbinin açılması da gələcək planlara daxildir. Bu yaxınlarda bununla bağlı BAK –a müraciət ediləcək.
BAK – ın sədri Sahil Qasımova rəhbərlik etdiyi quruma daxil olan təşkilatlar, yeni təşkilatların yaranma zərurətindən söhbət açıb.
“Bizim məqsədimiz Beniluks ölkələrində Azərbaycanı layiqincə təmsil etməkdir. İllərdir bu yöndə fəaliyyət göstərir və bundan sonra da göstərəcəyik.
Təbii ki, bir neçə dəqiqəlik çıxışa bütün gördüyümüz və görəcəyimiz işlərdən danışmaq mümkün deyil. Ancaq düşünürəm ki, danışmaqdansa real iş görmək daha yaxşıdır”, - deyə S.Qasımov əlavə edib.
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin birinci katibi Elxan Ələsgərov, Qazaxstan və digər diaspor təşkilatlarının nümayəndələri çıxış edərək öz təbriklərini çatdırıblar.
Rəsmi hissənin sonunda BAK - sədri bir sıra üzvlərinə diplom və mükafatları təqdim edib.