Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel İmran Cəfərzadəyə baş çəkmək üçün onların evinə gedib.
ERtv xəbər verir ki, bu barədə səfirliyin Facebook səhifəsində məlumat yerləşdirilib.
Səfir İmranın vəziyyəti ilə maraqlanıb. Xanım Tempel getmək istəyəndə isə İmran qapı qarşısında dayanıb və ona “getmə” deyib.
Qeyd edək ki, 2013-cü il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində faciəli hadisə baş verib.
Hovuzda olarkən qoruyucu barmaqlıq olmadığına görə azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb, 3 nəfər həbs olunub. İstirahət mərkəzinin lisenziyası isə ləğv olunub.
İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
İmran bu il martın 8-də Almaniyadan Bakıya qayıdıb.