Ötən gecə Bakının Nəsimi rayonu ərazisində təmirdən yeni çıxan orta məktəbdə uçqun baş verib.
ERtv-nin ANS Press-ə istinadən verdiyi xəbərə görə, bu barədə sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər.
Verilən məlumata görə, hadisə 5-ci mikrorayon ərazisində, “20 Yanvar” küçəsi 5 ünvanında A.Abdullayev adına 211 saylı məktəbdə baş verib.
“Məktəbimiz yeni təmirdən çıxıb. Bu il açılışı da olub. Məktəbin pəncərəsinin altında daşlar uçub. Yaxşı ki, həmin daşlar uşaqların üstünə düşməyib və xəsarət alan olmayıb. Səhər gəlib görürük ki, məktəbin giriş hissəsi tamamilə dağıdılıb” - deyə, valideynlər bildirib.
Məsələ ilə bağlı məlumat verən məktəbin direktoru Vaqif Babayevin sözlərinə görə, hadisə dünən axşam saat 17:00 radələrində baş verib. Bu il yeni əsaslı təmirdən çıxan məktəbin divarında çatlar yaranıb və uçqun olub.
“Məktəbin giriş hissəsində çatlar yaranmışdı. Bu barədə Nəsimi rayon İcra Hakimiyyətinə xəbər verdik. Təmir işlərini həyata keçirən “Alpina” şirkətinin işçilərilə əlaqə saxladıq. Gəlib divarı tamam dağıdıblar və yenidən tikəcəklər” - deyə, V.Babayev bildirib.
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən bildirib ki, hadisə barədə xəbərləri var. Problem tezliklə aradan qaldırılacaq.
Məktəbdə təmir işlərini aparan “Alpina” şirkətnin iş icraçısı İlqar Məmmədovun verdiyi məlumata görə, artıq uçan divar sökülüb. Lakin iş icraçısı məktəb divarında çatın hansı səbəbdən yarandığını izah edə bilməyib.