Kaliforniyanın Qlendel şəhərinin erməni əsilli sakininin işinə məhkəmədə baxılacaq.
ERtv erməni mətbuatına istinadən xəbər verir ki, həmin şəxs bank fırıldaqçılığı və “99 Cents Only” mağazalarının müştərilərində küllü miqdarda pul mənimsəməkdə ittiham olunub.
Qlendey sakini Rafael Parsadanyan və onunla əlbir olan daha iki erməni - Mqren Darbinyan və Arman Şaropetrosyanın cinayətkar qruplaşma olan “Armenian Power”in üzvü olduğu ortaya çıxıb.
Prokurorluqdan bildirilir ki, Darbinyan kredit kartlarını oxuyan xüsusi cihazla əldə olunan məbləği əlbir olduğu cinayətkar qruplaşmaya ötürürmüş. Həmin cihaz Cənubi Koliforniyadakı “99 Cents Only” mağazalar şəbəkəsində gizli şəkildə quraşdırılıb və nəticədə 2 milyon dollardan artıq mənimsənilmə həyata keçirilib. Darbinyan bundan əlavə reketlikdə və qanunsuz silah saxlamaqda da günahkar bilinir.
Xatırladaq ki, “Armenian Power” 1980-ci ildə Hollivudun şərqində yaranıb və 250-dən çox rəsmi üzvü və yüzlərlə əlaltısı olan cinayətkar qruplaşmadır. Banda ilə bağlı araşdırmada reketlik, bank fırıldaqçılığı, oğurluq və cinayətkar qruplaşma ilə əlbir olmaqda ittiham olunan 70 nəfərdən 51-i cinayətkar qrupa aid olduğunu etiraf edib.