Bir müddət öncə “Güney Azərbaycanda toya basqın edildi” başlıqlı informasiya yayıldı.
ERtv xeberler.com saytına istinadən xəbər verir ki, tanınmış musiqiçi və mədəni fəal Abbas Nikrəvan Şəbistər şəhərində iştirak etdiyi bir tədbirdə polis məmurlarının hücumuna məruz qalaraq bədən xəsarəti alıb.
Hadisə aprelin 5-i gecə Şəbistərin Nadarlı kəndində keçirilən bir toy mərasimində baş verib.
Məmurlar Nadarlı kəndində yaşayan bir milli fəalın toy mərasiminə hücum edərək, mərasimi dağıdıb və musiqi ifa edən Abbas Nikrəvanı döyüblər. Ağır yaralar alan musiqiçi Şəbistər xəstəxanasına aparılıb.
Yayılan məlumata görə, azərbaycanlı musiqiçi həmin gecə Şəbistərdən ayrılıb yaşadığı Salmas şəhərinə geri döndüyü zaman yol polisi tərəfindən saxlanılaraq İran polis orqanı olan Əmakin İdarəsində sorğu-sual edilib. Məmurlar salmaslı sənətçini ertəsi gün sərbəst buraxıblar.
Abbas Nikrəvan keçmişdə də milli mərasimlərdə iştirakı və apardığı mədəni fəaliyyətlər səbəbilə həbs və mühakiməyə məruz qalıb.