Gənclər və idman naziri Azad Rəhimov idman sahəsində Azərbaycan və Türkiyə arasında sıx əlaqələrdən bəhs edib və bildirib ki, ölkəmizin Olimpiada-2024-də ev sahibliyi üçün müraciət etmək istəyi var.
ERtv xəbər verir ki, bu haqda A.Rəhimov “Anadolu” Agentliyinə verdiyi müsahibədə söyləyib.
“Qardaş Türkiyə dövləti ilə idman sahəsində də sıx əməkdaşlıq əlaqələrimiz vardır. Bu, sevindirici haldır. Əməkdaşlıq yalnız məşqlər və təlim toplanışları ilə məhdudlaşmır, həmçinin idmançılar, məşqçilər və hakimlər səviyyəsində partyorluğu da nəzərdə tutur. Avropa oyunları-2015-ə ev sahibliyi etmək bizim üçün böyük fəxrdir. Azərbaycanda bir çox beynəlxalq yarışlar keçirilib, lakin kompleks idman tədbirinin keçirilməsi ilk dəfə olaraq baş tutacaq.
Azərbaycanda cüdo və boks məşhurdur. Qadından ibarət güclü voleybol komandalarımız var. Lakin ilk yerdə olan idman növlərindən biri güləşdir.
Hazırda müxtəlif iqlim şəraitlərində idmançıların məşqi üçün şərait yaratmaq imkanındayıq.
2016-ci və 2020-ci il Olimpiya oyunlarının keçirilməsinə namizəd olsaq da, qalib gələ bilmədik. İndi təhlil etdiyimiz zaman bunu səbəbini müəyyənləşdirmək mümkündür. İlk səbəb təcrübənin azlığıdır. Belə ki, ölkədə kompleks yarışlar indiyədək keçirilməyib. İkinci isə Olimpiadanın keçiriləcəyi ölkədə yüksək idman mədəniyyətinin olması tələbidir.
Olimpiada-2024-ün respublikamızda keçirilməsi üçün müraciət etmək istəyirik. Avropa oyunlarının ölkəmizdə keçirilməsi bu sahədə bizə böyük təcrübə olacaq” - deyə A.Rəhimov bildirib.
“Türkiyənin “Fənərbaxça”, “Beşiktaş”, Qalatasaray”ın oyunlarını izləyirəm. Lakin komandalardan hansına daha çox rəğbətim olduğunu deyərək türkiyəli dostlarımın könlünə dəymək istəmirəm” – deyə, A.Rəhimov qeyd edib.