Bakıda “Dance with me!” (Mənimlə rəqs et) layihəsi həyata keçirilib.
ERtv xəbər verir ki, layihə Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə baş tutub.
Bu, ittifaqın üzvü Məcid Musayevin fərdi layihəsidir.
Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilmiş konsertdə, daha öncədən daxili seçimlər vasitəsi ilə müəyyən edilmiş 3 ən yaxşı gənc rəqqas I, II və III yerlər uğrunda mübarizə aparıblar. Onların çıxışlarından sonra yekun nəticələrə görə Azərbaydan Dövlət İqtisad Universitetinin tələbəsi Emil Məmmədli I, “The Orphans” qrupu II və AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Ramtiq Alızadə III yerə layiq görülüb.
Qeyd edək ki, gənc rəqqaslar dubstep, pop və milli janrlarında rəqs nömrələri təqdim ediblər.
Layihə rəhbəri Məcid Musayev bildirib ki, müsabiqənin əsas məqsədi istedadlı gənc rəqqasları müəyyən etmək, ümumilikdə gənclər arasında müxtəlif rəqs növlərinə marağı artırmaqdır.
Qeyd edək ki, müsabiqənin qaliblərinə kubok, sertifikat və qiymətli hədiyyələr təqdim edilib.