Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” və “Qərbi Abşeron” yataqlarında qazma işlərinin 2014-cü ildən başlayaraq SOCAR-AQŞ tərəfindən aparılması rəsmən təsdiqlənib.
Şirkətdən ERtv-yə verilən məlumata görə, “Ümid” yatağında qazma işləri “SOCAR-ÜMİD’’ MMC-nin sifarişi əsasında aparılacaq.
Yaxın gələcəkdə SOCAR-AQŞ adıçəkilən yataqda ZJ-70 tipli 1 qazma qurğusu ilə qazma işlərinə başlayacaq. Hal-hazırda “Ümid” yatağında 1 saylı Dərin Dəniz Stasionar Özülündən (DDSÖ) 14 saylı kəşfiyyat quyusunun qazılmasına hazırlıq işləri çərçivəsində özüldə texniki baxış, təmir və montaj işləri həyata keçirilir.
Bu kəşfiyyat quyusu “Ümid” yatağının neft-qaz ehtiyatlarını öyrənmək məqsədilə qazılır. Ümumilikdə, “Ümid” yatağında 1 saylı DDSÖ-dən orta dərinliyi 6700 m olan 3 quyunun qazılması planlaşdırılır.
Bundan başqa müəssisə “Qərbi Abşeron” yatağında 20 saylı DDSÖ-dən orta dərinliyi təxminən 1000 m olan 10 quyunun qazılmasını planlaşdırır.
“Azneft” İstehsalat Birliyi tərəfindən sifariş edilən bu quyuların horizontal qazılması nəzərdə tutulur.
Qeyd olunub ki, müəssisə müasir tələblərə cavab vermək üçün hər iki yataqda Avropa, ABŞ və Yaponiya istehsalı olan texnika və texnologiyaların tətbiqinə üstünlük verəcək.
Qeyd edək ki, SOCAR-AQŞ MMC Dövlət Neft Şirkəti və “Abşeron Qazma” Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib.
Müəssisənin əsas fəaliyyəti quyuların layihələşdirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.