Aprelin 10-12-də Bakıda 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları (CATEC 2014) sərgisi keçiriləcək.
ERtv-nin verdiyi xəbərə görə, sərgi öncəsi keçirilən mətbuat konfransında sərginin meneceriRəşad Qədimov bildirib ki, (CATEC 2014) sərgisində 24 ölkədən 79 şirkət iştirak edir.
O qeyd edib ki, onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiya və tikinti şirkətləri var.
Onun sözlərinə görə, sərgidə su təsərrüfatı ilə bağlı müasir nailiyyətlər, texnologiyalar, eləcə də sənayedə tətbiq olunan və onun modernləşdirilməsinə kömək edən innovativ ideyalar nümayiş etdiriləcək.
Sərginin meneceri qeyd edib ki, bu il (CATEC 2014) sərgisində içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim ediləcək.
Mətbuat konfransında “Sukanal” Elmi-Tədqiqat və Layihə İntitunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov qeyd edib ki, (CATEC 2014) sərgisi ilə yanaşı, 11 apreldə 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları konfransı da keçiriləcək.
O bildirib ki, ötən il keçirilən ilk sərgi-konfransa maraq çox olduğuna görə, ikinci dəfə belə tədbirin keçirilməsi qərara alınıb.
Onun sözlərinə görə, bu ilki konfransda dünyanın bir çox nüfuzlu təşkilatlarından rəhbər şəxslər iştirak edəcəklər.
“Konfransda infrastrukturun bu sahəsinin aktual problemlərinə həsr olunmuş müzakirələr və alt panellər təşkil olunacaq, maraqlı mühazirələr oxunacaq”-,o əlavə edib.
Qeyd edək ki, (CATEC 2014) sərgisi Xəzəryanı regionda su texnologiyaları üzrə nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir və Azərbaycanın milli su operatoru - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü və rəsmi dəstəyi ilə təşkil olunur. Sərginin təşkilatçısı qismində isə “Iteca Caspian” MMC çıxış edir.