Bakıda tikilməkdə olan yaşayış binasında lift quraşdıran mütəxəssis yıxılaraq zirzəmiyə düşüb.
ERtv-nin məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda tikilməkdə olan 16 mərtəbəli yaşayış binasında liftin quraşdırılması üçün şaxtanın 2-ci mərtəbəsində işləyən mütəxəssis yıxılaraq zirzəmiyə düşüb.
Dərhal hadisə yerinə nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs hadisə nəticəsində ağır bədən xəsarətləri alıb və yerindən tərpənmək iqtidarında deyil.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi zirzəmidən çıxarıb və hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.