“Real”ın gənc, polyak fanatı David Pavlaşçik komadan ayıldıqdan bir il sonra kumiri Kriştianu Ronaldu ilə görüşüb.
Komaya düşdükdən sonra həkimlərin onun ayılacağına ümidi tamamilə kəsilmişdi.
15 yaşlı gəncin valideynləri reabilitasiya mərkəzinə müraciət etdikdən sonra mütəxəssislərin səyi nəticəsində onu yenidən həyata qaytarmaq mümkün olub. Mütəxəssislərin məsləhətinə görə, valideynləri oğlunun sevdiyi atmosferi yaratmaq üçün üzərində “Real”ın gerbi olan ən son istifadə etdiyi əşyaları xəstəxanaya gətirib. Həmçinin ona davamlı olaraq “Real” klubu və Portuqaliya yığmasının oyunlarını yüksək səslə dinlədib.
ERtv eurosport.ru-ya istinadən xəbər verir ki, 18 noyabr 2013-cü ildə isə heç kəsin gözləmədiyi möcüzəli hal baş verib. Dünya Çempionatı-2014-ün birgə oyunları zamanı Ronaldunun İsveç yığmasının qapısına vurduğu qoldan sonra oğlan gözlərini açıb. Polşa mətbuatı hadisəni geniş işıqlandırdıqdan sonra Ronaldu Davidi valideynləri ilə birlikdə “Santyaqo Bernabeu” stadionunda Çempionlar Liqasının qarşılaşmasına dəvət edib ki, gənc fanatı builki Liqada vurduğu 14-cü qolu canlı görə bilsin. Oyundan sonra futbolçu, yenidən həyata qaytardığı pərəstişkarı ilə şəxsən görüşüb. Onunla şəkil çəkdirməklə kifayətlənməyib, həm də oyundakı idman köynəyini bağışlayıb. Qarşılığında gənc ona öz ağ-qırmızı şərfini bağışlayıb.