Aprelin 15-də Avropa Şurası Parlament Assambleyasının “Beş uşaqdan biri” proqramının əlaqələndiricisi Almaniyadan Bakıya gələcək.
ERtv xəbər verir ki, bu, məşhur psixoloq Qalina Hantselmanndır.
O, Milli Məclisin deputatı Sevinc Fətəliyevanın təşəbbüsü ilə ölkəmizə gələcək.
Hantselmann valideynlər üçün “XXI əsr uşaqlarının tərbiyə edilmə xüsusiyyətləri. Müasir ailədə uşaq və valideyn münasibətləri” mövzusunda ilk ustad dərslərini təşkil edəcək.
Məşhur psixoloq Alman Psixoloqlar Assosiasiyasının üzvü, Berlin şəhər Ailə və Tərbiyə Mərkəzinin məsləhətçisi, Rus-Alman Psixoterapevtlər Cəmiyyətinin (DRGPP) üzvü və “Intercultural Human Resource”nin təcrübi ekspertidir.
Qeyd edək ki, Qalina, Leninqrad Dövlət Universitetinin Psixologiya fakültəsində təhsil aldıqdan sonra 1990-cı ildə Almaniyaya köçüb və burada uşaq və ailə psixoterapiyası üzrə ixtisasartırma kursu keçib.
S.Fətəliyeva deyib ki, Q.Hantselmann ilə əməkdaşlıq artıq ikinci ildir ki, davam edir.
“Biz bu müddət ərzində onun iştirakı ilə məktəb psixoloqları ilə bir sıra treninqlər, məktəblilərlə müzakirələr, müxtəlif dəyirmi masalar həyata keçirmişik. Bu dəfə isə biz valideynləri bir araya yığmaq və onlarla müasir dünyada uşaqların tərbiyə mövzusu ilə bağlı açıq söhbət etməkdir. Müasir dövrün uşaqları ilə dil tapmaq asan iş deyil. Dünya dəyişir, bizim dəyişirik, stereotiplər dəyişir, ünsiyyət formaları, tərbiyə bacarıqları dəyişir. Fikir mübadiləsi apara biləcəyimizə, həmçinin valideynlərin yeni informasiyalar əldə edəcəklərinə və bunun onların hər birinin işinə yarayacağına ümid edirəm” - deyə Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.
Ustad dərsləri zamanı aşağıdakı məsələlərə toxunulacaq:
· Müsbət tərbiyə;
· Uşağa öz qərar və davranışlarına cavab verməyi necə öyrətmək;
· Uşaqların arzuolunmaz davranışlarının səbəbləri;
· Ailədə xoş əhval-ruhiyyəni necə yaratmaq?
· Uşağı yeni bilik və bacarıqlar öyrənməyə necə həvəsləndirmək?
Ustad dərslərə giriş pulsuzdur və arzu edən hər kəs iştirak edə bilər.
Ustad dərsləri 15 aprel saat 15:00-dan 18:00-dək baş tutacaq.