O, bununla beynəlxalq hüquqa zidd ola bilən vəziyyətin meydana gələ bilməsinə rəvac verib.
Cənab həmsədrin Twitter-də yazdığına Azərbaycan və Ermənistanda dərhal reaksiya veriblər.
Yaranmış vəziyyətin təhlili göstərir ki, meydana bir sıra təhlükəli məqamlar çıxmaqdadır.
Ermənilər C.Uorlikin sözlərindən istifadə edərək regionda qeyri-müəyyənliyi artırmağa çalışırlar.
Onlar ayrıca, Azərbaycanın haqlı mövqeyini şübhə altına almağa cəhd edirlər. Həmsədrin bir səhvinin mümkün nəticələri üzərində düşünməyə dəyər.
Gün.Az bu mövzuda Newtimes.az saytının məqaləsini təqdim edir:
Təcrübəli diplomatın müəmmalı hərəkəti: kiçik iradla dəyişən mövqe
ATƏT-in Minsk qrupunun həmsədrlərinin hərəsi bir obrazda yadda qalır. ABŞ-ın bu qrupdakı həmsədri Ceyms Uorlik isə, görünür, etmiş olduğu ən böyük səhvi ilə xatirələrimizdə yer tutacaq.
Təcrübəli diplomat hesab edilən bu cənab Twitter-də öz mövqeyini çox asanlıqla dəyişib. Kiminsə kiçik təpkisi ilə "mən səhvimi düzəltdim – münaqişə Dağlıq Qarabağla Azərbaycan arasındadır", – yazıb.
Əslində, bu cümləsi ilə diplomat həyatının böyük səhvini edib. Çünki məhz ABŞ-ın keçmiş dövlət katibi C.Beykerin təklifi ilə "2+2" adlanan, münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan göstərilən formul, ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasında durur. Bundan başqa, postsovet məkanında formalaşmış müasir geosiyasi vəziyyət aspektində cənab həmsədrin nə dərəcədə ehtiyatsız davrandığını təsəvvür etmək lazımdır.
Dünya ictimaiyyəti indi Krım məsələsini müzakirə edir. BMT-nin son qərarı ilə bu yarımadada keçirilən referendum qeyri-legitim elan edilib. 100 ölkə, o cümlədən ABŞ Krımın Ukraynadan ayrılmasını qəbul etməyib. C.Uorlik isə Dağlıq Qarabağı münaqişə tərəfi kimi göstərməklə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına atıb.
O, Kipri misal çəkərək, yunanlarla türklərin müzakirələr apardığını yazır. Bununla da cənab həmsədr həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixini yaxşı bilmədiyini nümayiş etdirir. Və yaxud, özünü bilməyən kimi göstərir. Səbəb nədir?
Bəlkə, C.Uorlik Twitter-də erməni S.Martirosyanla dostluqdan kövrəlib? S.Martirosyan kəşfiyyata işləyir və işi saytlara kiberhücumlar təşkil etməkdir. Bunu açıqca etiraf edən erməni, onu da vurğulayır ki, "əsas hədəfi Azərbaycan və Türkiyədir"! Bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri bilmir? İnanmaq çətindir, çünki Amerika dünyanın 122 liderini dinləməyə qadirdirsə, bir erməninin işlərindən xəbəri yoxdur?
Məsələnin daha ciddi tərəfi, həmsədrin nəyə görə ciddi diplomatik fəaliyyət əvəzinə, qeyri-müəyyənlik yaradan cümlələr işlətməsindədir. Əgər Dağlıq Qarabağ münaqişəsini ciddi hesab edirsə, o, başqa cür davranmalıdır. 20 ildən çoxdur ki, bu problemi həll etmək mümkün olmayıbsa, Twitter-də yazışmaqla nə etmək olar? Məhz bu məqamda həmsədrlərin ümumiyyətlə fəaliyyətləri ilə əlaqəli bir fikir ağıla gəlir.
Belə görünür ki, Minsk qrupunun hazırkı həmsədrləri, əvvəlkilər kimi, Dağlıq Qarabağ məsələsini ədalətli həll etmək niyyətində deyillər. Onlar müxtəlif üsullarla vaxt keçirirlər. Axı, Azərbaycan tərəfi dəfələrlə real vəziyyəti kifayət qədər aydın dil və tutarlı arqumentlərlə izah edib. Son olaraq da bununla bağlı rəsmi mövqe ifadə edilib.
Nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistanın təcavüzkarlığı açıq bildirilib. Məsələn, BMT-nin 4 məlum qətnaməsi mövcuddur. ATƏT-in, AŞ PA-nın, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumların həmin kontekstdə bir neçə sənədi vardır. Onu deyək ki, 1998-ci ildə Qarabağdakı erməni icmasını danışıqlardan kənarlaşdıran Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryan olub. O deyib ki, "Qarabağ ermənilərini danışıqlarda özüm təmsil edəcəyəm".
Geosiyasi təxribat: ərazi bütövlüyü və ikili standart siyasəti
Bunları C.Uorlik bilməmiş deyil. Onun Bakıda jurnalistlərə Ermənistanın işğal etdiyi əraziləri sadalamaq əvəzinə, ümumi "humanist cümlələr" işlətməsindən aydın idi ki, cənab həmsədri problemin ədalətli həlli elə də maraqlandırmır. Burada digər aspekt vardır.
Məsələ ondan ibarətdir ki, Qərbi daha çox qlobal geosiyasi məqsədlər qayğılandırır. Rusiyanın Krımı zəbt etməsini önləmək əvəzinə, hadisə baş verəndən sonra bu faktdan Moskvaya qarşı necə istifadə etməyi düşündülər. Hazırda Ukraynada durum qeyri-müəyyən olaraq qalır və ölkənin ərazi bütövlüyünü kağız üzərində tanımaqdan başqa bir ciddi addım atılmır. Abxaziya və Cənubi Osetiya ilə əlaqəli də eyni vəziyyətdir.
Bu reallıqlar prizmasından C.Uorlikin yuxarıda xatırlatdığımız fikri müəyyən təhlükənin meydana gələ biləcəyi təəssüratı yaradır. Konkret desək, bu, bir tərəfdən erməniləri aktivləşməyə səsləyir. Çünki onlar həmsədrin həmin sözlərindən yapışaraq danışıqları çətinə sala bilərlər.
Eyni zamanda, Krım, Kipr, Kosovo və s. nümunələrlə müqayisə apararaq, separatçı niyyətlərinə haqq qazandırmağa cəhd edərlər. Artıq belə bir prosesin başladığını demək olar (bax: Ануш Левонян."Крымский прецедент" для Нагорного Карабаха / "Regnum", 18 mart 2014).
Ermənilər C.Uorlikin söylədiklərini əldə bayraq tutaraq referendum yolu ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən tutmuş, Rusiyaya qatılmasına qədər müxtəlif variantları önə çəkirlər.
Onlar Azərbaycanın Rusiyaya qarşı dura bilməyəcəyini açıq vurğulayırlar. Göründüyü kimi, ATƏT-in amerikalı həmsədrinin bir cümləsi separatçılıq xəstəliyinə tutulmuşları beynəlxalq hüquqa zidd olan addımlara həvəsləndirir. Onlar hətta ölkə daxilində qanunvericiliyin pozulmasını maneə hesab etmirlər.
Cənab C.Uorlikin yuxarıda xatırlatdığımız fikri, digər tərəfdən isə regionda geosiyasi vəziyyətin gərginləşməsinə yol açan davranışlara imkan yaradır. Çünki bu, bütövlükdə separatçı əhval-ruhiyyəni qızışdırır. Sirr deyil ki, Gürcüstanın Cavaxetiya ərazisində erməni radikalizmi fürsət gözləyir.
Bu yaxınlarda Gürcüstanda həmin bölgədə yaşayanlar üçün Rusiya pasportları paylandığı haqqında informasiya yayılıb (bax: Этническим армянам раздают в Тбилиси паспорта Российской Федерации / "Грузия Online", 26 mart 2014). Bir qədər sonra həmin ermənilərin referendum tələb etməyəcəklərinə və Rusiyaya birləşmək arzusunda olmayacaqlarına heç kəs təminat verə bilməz.
C.Uorlikin Dağlıq Qarabağ separatizminə dolayısı ilə haqq qazandıran fikirləri ermənilərə bu prosesdə əlavə arqument vermiş olur. Bununla ümumən Cənubi Qafqazda geosiyasi vəziyyət mürəkkəbləşir. Bunun kimlərə sərf etdiyini anlamaq çətin deyil. Hər şeydən əvvəl, İran məsələsində Qərbin regiona müdaxiləsi üçün yeni imkanlar yaranmış olur. Çünki bölgə dövlətləri çətin duruma düşəndə kənardan dəstəyə ehtiyac duyurlar.
Eyni zamanda, Qərb Cənubi Qafqazda Rusiya ilə geosiyasi mübarizəsini yeni səviyyəyə qaldırmış olur. Daha çox qeyri-müəyyənliyin olduğu bir şəraitdə tərəflərin manevr imkanları da genişlənir.
Yerli xalqlara dəyən zərbələr isə onları az maraqlandırır.
Bütün bunlardan əlavə, cənab C.Uorlikin birbaşa özünün həmsədrlik vəzifəsini niyə yerinə yetirmək istəməməsi düşündürücüdür. Son dövrlər ATƏT-in Minsk qrupu demək olar ki, heç bir iş görmür. O, regionda gedən hadisələri seyr etməklə məşğuldur. Hərdənbir verilən bəyanatlar isə heç bir real güc kəsb etmir. Faktiki olaraq, bu qurum münaqişənin həlli ilə məşğul olmur.
Bu, həmsədrlik institutunun iflasımı deməkdir? Belə bir nəticəyə gəlmək tələskənlik olardı.
Lakin reallıq da göz qabağındadır. Amerika kimi böyük bir dövlətin təyin etdiyi həmsədr ciddi siyasi səhv buraxırsa, onda Minsk qrupunun statusu nədən ibarətdir? Maraqlıdır ki, onun bu yanlışlığına ATƏT reaksiya verməyib.
Belə çıxır ki, orada ya Dağlıq Qarabağ münaqişəsinin həllini yaddan çıxarıblar, ya da "vəziyyətə uyğun" hərəkət edirlər. Bu son məqam çox düşündürücüdür. Çünki həmin halda beynəlxalq təşkilatların ədalətli həllə deyil, kimlərəsə sərf edən çıxış yollarına üstünlük verdiyi aydınlaşır. O baxımdan C.Uorlik səhv etməyib.