Xəbərlər

Yaltadan Yaltaya gedən yol
04 aprel, 2014 09:56

İkinci Dünya müharibəsinin başa çatdığı bir ərəfədə antifaşist koalisiyası liderləri Krımın ən gözəl guşəsi olan Yaltada bir yerə toplaşaraq müharibədən sonrakı dünyanın konturlarını cızmışdılar.

Almaniyanı parçalayan, Avropanı nüfuz dairələrinə bölən, dünyanın yeni siyasi xəritəsini müəyyən edən Stalin, Ruzvelt və Çörçill, faktiki olaraq, yeni Yalta-Potsdam beynəlxalq münasibətlər sisteminin əsasını qoymuşdular.

Yeni sistem əslində tələsik qəbul edilən və müharibə şəraiti şərtləri altında müəyyənləşdirilən müvəqqəti bir dünya düzənini nəzərdə tuturdu. Vaxtilə Hitlerlə Münhen sövdələşməsini imzalayan və onu SSRİ-yə qarşı potensial güc hesab edən Qərb dövlətləri, bir müddət sonra almanların sovetlərlə də sövdələşdiklərini anladıqdan sonra çox pis vəziyyətə düşmüş və Birinci Dünya müharibəsindən sonra yaratdıqları Versal sisteminin 20 il belə keçmədən iflasa uğradığını anlamışdılar.

Üç əsr boyunca Avropada beynəlxalq münasibətləri tənzimləyən Vestfal sistemini Birinci Dünya müharibəsindən sonra əvəzləyən Versal sistemi, faktiki olaraq, alman dövlətçiliyinə qarşı yönəldilmiş və yeni bir qlobal müharibəni elə ilk gündəcə şərtləndirmişdi. Amma alman millətçiliyinin nəzarətdən çıxmasına göz yuman Qərb dünyası onu sovetlərlə toqquşdurmaq həvəsinin puça çıxdığını görəndə artıq gec idi...

Doğrudur, Almaniya Fransanı işğal edib İngiltərənin də işini bitirməyə az qalmış üzünü SSRİ-yə tərəf çevirdi və bu işdə Qərb kəşfiyyatının rolu az olmadı. Ancaq bu, artıq nəzarətdən çıxmış qlobal bir qarşıdurma idi və anqlosakson imperializmi artıq iki şər qüvvəsi arasında seçim etməli idi. XX əsrin əsas sosial bəlaları olan faşizm və kommunizm kimi çətin seçim qarşısında qalan Qərb birincinin məhvini qısa vədədə həll etmək, ikincini isə nisbətən uzunmüddətli perspektivdə çökdürmək barədə strateji qərar vermişdi.         

Bax belə bir şəraitdə Krıma gələn Çörçill və Ruzvelt özlərinin ən azından sinfi düşmənləri olan Stalinlə bir masa arxasına əyləşdilər və onun dediklərini qəbul etməyə, Avropanın yarısını ona güzəştə getməyə razı oldular. Bu şərtlərdə yaradılan Yalta-Potsdam beynəlxalq münasibətlər sistemi və ardınca təsis edilən Birləşmiş Millətlər Təşkilatı əslində tarixi nöqteyi-nəzərdən müvəqqəti bir layihə idi. Soyuq müharibənin periodik olaraq isti fazaya keçdiyi Koreya müharibəsi, ABŞ-ın Vyetnam və SSRİ-nin Əfqanıstan hərbi kampaniyalarını nəzərə almasaq, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə sistem ilk dəfə ciddi sınaq qarşısında qaldı. Bu tarixdən sonra Birləşmiş Millətlər Təşkilatı tam bir humanitar təşkilata çevrildi, qəbul etdiyi qətnamələrin yüzdə doxsanı kağız üzərində qalan BMT Təhlükəsizlik Şurası isə siyasi tamaşaların qoyulduğu səhnəni xatırlatmağa başladı.

ABŞ və müttəfiqlərinin Serbiya, Əfqanıstan və İraqa hərbi müdaxiləsi, Kosovo presedenti, Liviya və Suriyadakı qanlı hadisələr, Ərəb baharı, Rusiyanın keçmiş SSRİ coğrafiyasındakı separatçı rejimlərə verdiyi gizli və açıq dəstək, onun Gürcüstana hərbi müdaxiləsi və bu ölkənin ərazisində separatçı rejimlərin qondarma müstəqilliklərini tanıması və bu kimi başqa hallar hələ son nəfəsini verən beynəlxalq münasibətlər sistemini tam olaraq aradan qaldırmamışdı. Ancaq Krımın Rusiya tərəfindən işğalı və ilhaqı Yalta-Potsdam sistemində son nöqtəni qoydu.

1945-ci ildən sonra ilk dəfə BMT üzvü olan dövlət başqa bir BMT üzvü olan dövlətin ərazisini işğal edərək onun torpaqlarını rəsmən özünə birləşdirdi. BMT nizamnaməsi, Ukrayna Konstitusiyası və beynəlxalq konvensiyaların kobud şəkildə pozulması nəticəsində gerçəkləşən bu işğal dünyanı 1945-ci ildən əvvəlki dövrə qaytardı və ötən əsrin 30-cu illərində Hitlerin qondarma referendumlar təşkil etməklə qonşu dövlətlərin ərazilərini Almaniyaya birləşdirməsi praktikasından heç nə ilə fərqlənmədi.

Krımın işğalı 1945-ci ildə Yaltada başlayan yeni dövrün 70 ildən sonra elə Yaltadaca başa çatdığını göstərdi. Taleyin qisməti ilə Krımın bu gözəl guşəsində təməli atılan dünya düzəni 2014-cü ildə elə oradaca dəryaya qərq edildi. Görünür, bunun da bir simvolik əhəmiyyəti var imiş...       

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.