Xəbərlər

Beynəlxalq hüquq: yaddaş pozğunluğu, yaxud ikili standart?
03 aprel, 2014 11:48

Bu günlərdə Amerika və Rusiya dövlət başçıları mövqelərini əsaslandırmaq üçün beynəlxalq hüququn norma və prinsiplərinə istinad etməyə üstünlük verirlər.

Lakin nə üçünsə həmişə belə olmur. Məsələn, 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır, yüz minlərlə insan evindən didərgin düşüb, ancaq böyük dövlətlər beynəlxalq hüququn prinsiplərinin təmin edilməsi ilə bağlı bir dəfə də olsun konkret mövqe bildirmirlər.

Hətta belə təəssürat yaranır ki, bu münaqişənin həlli prosesində həm həmsədrlərə, həm də Avropa və Qərb nümayəndələrinə beynəlxalq hüququ xatırlatmaq qadağan edilib. Əgər bir tədqiqat aparmalı olsaq görərik ki, 20 ildən artıq müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bir dəfə də olsun BMT TŞ-nin qətnamələri və ya beynəlxalq hüquq yada düşmür.

Bu ikili standartdır və bütövlükdə nəticəsi və ya nəticələri də göz qabağındadır.

Gün.Az bu mövzuda Newtimes.az saytının məqaləsini təqdim edir:

Obama və Putin: qarşılıqlı ittihamlarda eyni arqumentlər

Ukrayna məsələsi beynəlxalq hüququn mövcud olduğunu dünyanın böyük dövlətlərinin yadına salıb. Barak Obama və Vladimir Putin bu dəfə öz mövqelərini əsaslandırmaq üçün məhz beynəlxalq hüquq normalarına müraciət ediblər. ABŞ prezidenti jurnalistlərə bildirib ki, "Krımda keçirilməsi nəzərdə tutulan referendum Ukrayna Konstitusiyası və beynəlxalq hüququn pozulması demək olacaq".

ABŞ dövlət başçısı Ukraynanın baş naziri Arseniy Yatsenyukla görüşündə Rusiyanı beynəlxalq hüquq qaydalarını pozmaqda ittiham edib. B.Obama Moskvaya qarşı sanksiyaların tətbiq ediləcəyini ifadə edib. Doğrudan da, artıq Vaşinqton bu istiqamətdə müəyyən addımlar atıb. Avropa İttifaqı da eyni arqumentlər irəli sürərək Rusiyanı ittiham edir və sanksiyalar tətbiq edir.

Onu deyək ki, Rusiya tərəfi də mövqeyini ifadə edəndə əsas olaraq beynəlxalq hüquqa istinad edir. Prezident V.Putin Federasiya Şurasına məlum müraciətində bir neçə dəfə bu məsələyə toxunub. Rusiya prezidenti Krım Ali Şurasının BMT Nizamnaməsinə uyğun hərəkət etdiyini əsaslandırmağa çalışıb. O, millətlərin öz müqəddəratını təyin etmək hüququna malik olduğunu xatırladıb.

V.Putin həmin müraciətində böyük dövlətlərin davranışlarını xarakterizə edən maraqlı bir məqama da toxunub. Rusiya prezidenti Kosovonu misal çəkərək vurğulayıb ki, 2009-cu il aprelin 17-də ABŞ Kosovo məsələsinə baxan Beynəlxalq Məhkəməyə təqdim etdiyi yazılı memorandumda qeyd edib: "Müstəqillik haqqındakı bəyannamə daxili qanunvericiliyi poza bilər (əksər hallarda belə də olur). Ancaq bu, beynəlxalq hüququn pozulduğu anlamına gəlmir".

Başqa bir misal kimi V.Putin BMT-nin Beynəlxalq Məhkəməsinin 2010-cu il 22 iyunda çıxardığı qərardan bir hissəni göstərir. Orada vurğulanıb ki, Təhlükəsizlik Şurasının təcrübəsindən müstəqilliyin birtərəfli elan edilməsinə heç bir ümumi qadağa yoxdur... Ümumi beynəlxalq hüquq müstəqilliyin bəyan edilməsinə tətbiq oluna bilən qadağaya malik deyil".

Belə çıxır ki, Moskva əvvəlcədən bilirdi ki, böyük dövlətlər beynəlxalq hüquq qaydaları ilə manipulyasiya edirlər. Konkret olaraq, Kosovo məsələsində Qərb heç bir hüquq pozuntusunun olmadığını əsaslandırmaq üçün hər şeyi edib. Məsələn, hər hansı ölkənin daxili qanunvericiliyinə zidd olan hərəkətləri beynəlxalq hüququn pozulmaması kimi qiymətləndirməyə çalışıb.

Geosiyasət ədalətsiz ola bilərmi?

Halbuki müasir geosiyasətdə suverenlik məsələsinə heç də yalnız dövlətin daxili qanunları aspektində baxmırlar. Məsələn, insan haqlarının qorunmasını beynəlxalq səviyyədə problem hesab edirlər. Səbəb budur ki, indi milli suverenliyi daxili və xarici şərtlərin eyni dərəcədə gözlənilməsi çərçivəsində təqdim etməyə çalışırlar.

Buradan aydın olur ki, milli suverenlik məsələsində bir standart, müstəqilliyin bəyan edilməsində isə başqa meyar tətbiq edilir. Konkret desək, kimə hansı sərf edir, onu da əsas kimi götürür.

V.Putin gətirdiyi misallarda məhz bu tip ikili standarta işarə edib. Etiraf edək ki, Rusiyanın dövlət başçısı bu epizodda haqlıdır. Lakin, təəssüf ki, Kreml də bütün hallarda bu dərəcədə prinsipial və beynəlxalq hüquqa uyğun mövqe tutmur. Hətta, ümumiyyətlə, beynəlxalq hüquq normalarından danışmır.

20 ildən artıq bir dövrdə Ermənistan Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal altında saxlayır. Zəbt edilən ərazilərdən yüz minlərlə insan didərgin düşüb. Keçən müddətdə münaqişəni həll etmək üçün ATƏT-in xüsusi qrupu yaradılıb. Beynəlxalq təşkilatlar çoxlu sayda sənədlər qəbul ediblər. Həmin sənədlərdə Ermənistanın işğal etdiyi ərazilərdən hərbi qüvvələrini çıxarması tələb olunur.

O cümlədən, B.Obama və V.Putinin Krımla bağlı tez-tez müraciət etdiyi BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Ancaq həmin sənədlərdə beynəlxalq hüquq əsasında ifadə edilən müddəaların heç birinə Ermənistan əməl etmir. Böyük dövlətlərin də heç biri, o cümlədən, ABŞ və Rusiya Yerevandan bunun haqq-hesabını ciddi surətdə soruşmur. Nəyə görə? Belə olan halda hansı əsasla beynəlxalq hüquqdan danışmaq olar?

Açıq desək, nə Amerika, nə də Rusiyanın yuxarıda ifadə etdiyimiz kontekstdə beynəlxalq hüquqdan söhbət açmağa haqları yoxdur. Rusiya öz maraqlarına ciddi surətdə toxunan Krım məsələsində beynəlxalq hüququ yada salır. ABŞ da Ukraynanın ərazi bütövlüyünə təhlükə yarananda BMT-nin Nizamnaməsinə, beynəlxalq hüququn müddəalarına əməl etməyə çağırır. Əks halda, sanksiyalar tətbiq edəcəyi ilə hədələyir.

Sual olunur: nəyə görə, eyni mövqe Ermənistana qarşı tutulmur? Bu cırtdan ölkəyə sanksiyalar nə üçün tətbiq edilmir? Yerevandan hansı səbəblərdən işğal etdiyi Azərbaycan ərazilərindən çıxması tələb olunmur? Əksinə, ərazisi işğala məruz qalmış dövlətə sanksiya (907-ci düzəliş) tətbiq edilir. Göründüyü kimi, məlum səbəblərə görə, 20 ildən çoxdur ki, bu məsələdə böyük dövlətlərin "yaddaşı pozulub" – beynəlxalq hüquq qaydalarını "xatırlaya bilmirlər".

Bu, hər şeydən əvvəl ədalətsizlikdir! Müstəqilliyini əldə etmiş, beynəlxalq ictimaiyyətlə aktiv əməkdaşlıq edən, demokratik cəmiyyət quran, beynəlxalq terrora qarşı mübarizədə dünyanın yanında olan Azərbaycanın təbii haqlarını müdafiə etməmək ciddi hüquq pozuntusudur. Bu cür ikili standart bütün regionlarda presedent yaradır. Misallar çoxdur.

Təsadüfi deyil ki, son dövrlərdə heç bir münaqişə həll edilməyib. Əldə edilən razılıqlar müvəqqəti xarakter daşıyıb. Gözlənilən haldır. Çünki böyük güclər ya beynəlxalq hüququ öz maraqlarına uyğunlaşdırıb hərəkət edir, ya da öz maraqlarına cavab verən "hüquqi qaydalara" uyğun davranırlar. Bu proses neçə onilliklərdir ki, davam edir. Ancaq heç kim bir nəticə çıxarmır.

Belə hərəkətlərin başqa bir təhlükəli nəticəsi də ola bilər. Məsələn, erməni separatçıları yeni qərəzlərə əl atarlar. Onlar Dağlıq Qarabağla yanaşı, Cavaxetiyada da "Krım nümunəsi"ni bəhanə gətirə bilərlər. Bunun ilkin əlamətləri özünü göstərir. Erməni KİV-i aktiv surətdə ""DQR"-in müstəqilliyini" və Cavaxetiyada "öz müqəddəratını təyin etməyi" müzakirə edirlər. Ancaq proseslərin daha geniş məkanı əhatə etməsi ehtimalı az deyil.

Məsələ burasındadır ki, bu cür yanaşma digər dövlətlərdə, eləcə də böyük dövlətlərin özündə separatçılığın daha da güclənməsinə gətirib çıxara bilər. Bu ölkələrin ərazisində yaşayan xalqlar "öz müqəddəratlarını təyin etmək üçün ayağa qalxarlar". Artıq dünyanın hər bir guşəsində insanlar oyanıblar.

Bütün bunlar sadə bir həqiqəti təsdiq edir: beynəlxalq hüquqa ikili standartla yanaşmaq heç bir halda dünyada sağlam beynəlxalq mühit yaratmağa xidmət etməyəcək. Bundan yalnız müstəqilliyini yeni əldə etmiş dövlətlər deyil, ən güclü ölkələr belə zərər görəcək. Qarabağda hüququ pozulmuş bir azərbaycanlının taleyinə oxşar vəziyyətə dünyanın ən böyük dövlətlərində yaşayanlar da düşə bilər və düşür də. Beynəlxalq münasibətlərdə belə təhlükəli proseslərə son qoymağın vaxtı çoxdan çatıb.

Siyasət nəzəriyyəçiləri bu çox mühüm postulatla bağlı dəfələrlə, təkrar-təkrar əsaslandırılmış mövqe bildirsələr də, onu həyata keçirənlər demək olar ki, həmişə geosiyasi ambisiyaların girovuna çevrilərək unudurlar. Nəticədə isə həmin ölkələr bumeranq effektinə məruz qalmağa məhkum olurlar. Yalnız XX əsrin dərsləri kifayət deyilmi?

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.