Gün.Az xəbər verir ki, Cabbar İsmayıl oğlu Qaryağdıoğlu 1861-ci ilin bu günü Şuşada “Seyidli” məhəlləsində anadan olub.
Atası Məşədi İsmayıl boyaqçı olub. Öz sənətini Cabbara öyrətmək istəyib. Lakin gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə “Qayabaşında”, “Qırxpilləkəndə”, “Ağzıyastı kahada” quzu otaran Cabbar, saatlarla “Dəlikdaşın” üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.
Cabbar Qaryağdıoğlunun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.
Xanəndənin ifaçılığı “Heyratı” muğamında yüksək qiymətləndirilib. O, “Heyratı”nı qrammafon valına 1906-cı ildə yazdırıb. Eyni zamanda, onun ifasında olan “Ovşarı” muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verir.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz C.Qaryağdıoğlu olub.
Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olub.
Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olub.
Xanəndə 1944-cü il aprelin 20-də Bakıda vəfat edib.