Xalq yazıçısı Elçinin “Qatil” əsərini səhnələşdirmiş rejissor Mehriban Ələkbərzadənin cəsarətli yorumu bəzi sənət adamlarını özündən çıxarıb.
Mətbuatda bu barədə gedən diskussiyadan məlum olur ki, həmin tamaşada yer alan açıq səhnələr xalq artistləri Alim Qasımovla Əbdül Mahmudbəyovu qəzəbləndirib.
Bu övkə o qədər güclü olub ki, sənətkarlar lənət yağdıra-yağdıra tamaşanı yarımçıq tərk ediblər.
Bundan sonra mediada Ə.Mahmudbəyovla M.Ələkbərzadə arasında söz dueli başlayıb. Söhbət o qədər dərinləşib ki, mübahisə tərəfləri artıq adıçəkilən mövzudan da kənara çıxaraq, şəxsi məsələləri qabardıblar.
Bu xəbərlərdən sonra “Qatil” tamaşasının internetdə yerləşdirilmiş həmin qalmaqallı epizodları izlədim.
Doğrudan da, o səhnələrin kifayət qədər açıq-saçıq olduğnu qeyd etmək lazım gəlir. Xanım rejissor indiyə qədər kişi həmkarlarının belə cəsarət etmədiyi yoruma imza atıb.
Ölkədə bəlkə də ilk dəfədir ki, Azərbaycandilli auditoriya baş səhnədə belə cəsur quruluşun və aktyor ifasının şahidi olurdu.
Amma gəlin görək, bu məqam deyilən açıq epizodlara görə tamaşanı kökündən baltalamağa əsas verirmi?
İlk olaraq qeyd edək ki, dünya teatr səhnələrində, elə qonşularımız Rusiya, Türkiyədə, Gürcüstanda bu tip tamaşalar artıq çoxdan sensasiya sayılmır və tamaşaçı tərəfindən normal qəbul edilir.
Təbii, mental xüsusiyyətlərə əsaslanıb, “Qatil”in yararsızlığını asanlıqla sübuta yetirmək olar.
Lakin ölkənin əsas teatrında nümayiş olunan tamaşaya mentalitet, yoxsa sənət-estetika baxımından qiymət verilməlidir? Hər halda, ikinci cavab variantı daha məntiqli görünür.
Digər tərəfdən, yenə xatırladaq ki, həmin tamaşa xalq yazıçısı Elçinin əsərinin səhnə versiyasıdır.
Hər halda, Elçin miqyaslı ağsaqqal yazıçının nəyi, harda və necə yazmaq lazım olduğunu bildiyinə yəqin ki heç kəs şübhə etməz. Elə M.Ələkbərzadənin də peşəkarlığını şübhə altına almağa ehtiyac yoxdur.
Belə isə, bu qədər yersiz hay-küy nəyə lazımdır?
Axı bu tamaşadır...