“Xüsusi qayğıya ehtiyaclı uşaqlara sahib olan gənc ailələrin maarifləndirilməsi” adlı layihə yekunlaşıb.
ERtv xəbər verir ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi və “Birgə və Sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə Xanxanım Sadıxova tərəfindən təşkil edilib.
Layihə çərçivəsində gənc ailələr və eləcə də ailə qurmağa hazırlaşan gənclər üçün 5 günlük maarifləndirici təlim və seminarlar təşkil edilib.
Layihə rəhbəri Xanxanım Sadıxovanın verdiyi məlumata görə, 5 gün ərzində xüsusi qayğıya ehtiyaclı uşaqları olan valideynlərə maarifləndirici seminar və təlimlər keçirilib. Beş gün ərzində ardıcıl olaraq tibb sahəsinin mütəxəssisləri tərəfindən keçirilən seminarlar aşağıdakı mövzuları əhatə edib :
“Ana və uşaq arasında sağlam ünsiyyət və uşaqlar üçün zehni inkişafı dəstəkləyən fəaliyyətlər” (Uzman Dr. Uşaq psixiatr - Ceren Evcen Canbaxisova)
“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sahib valideynlərə sosial-psixoloji dəstəyin göstərilməsi” (Psixoloq Aynur Bunyatova)
“Yeniyetmə və böyüklərdə ağrı və qıcolma halları” ( Uzman Dr. Nevroloq – Nərgiz Ağayeva)
“Yenidoğan,erkən usaqliq və yeniyetməlik dönəmində uşaqlarda ən sıx rast gəlinən nevroloji problemlər” (Uşaq Nevroloqu - Rima İbadova)
“Erkən uşaqlıq dövrü inkişaf psixopotologiyaları” (Uzman Dr. Uşaq psixiatrı-Ikram Rüstəmov)
Layihənin məqsədi ailəsində xüsusi qayğıya ehtiyaclı uşaq olan gənc ata və analara dəstək olmaq və onların uşaqlarla rəftar bacarıqlarını artırmaq, onları düzgün istiqamələndirmək, gənc ailələrə fiziki qüsurlu uşaqlarla necə rəftar etmək, onların sağlam və həyata dayanıqlı olmasını necə təmin etmək və düzgün yanaşmaq bacarıqları aşılamaq olub.
Təlim və seminarlarda iştirak edən və xüsusi qayğıya ehtiyacı olan uşaqlara sahib valideynlərin gələcəkdə daha sıx ünsiyyət saxlaması üçün “Valideyn Klubu” yaradılıb. Bu klub mütəmadi olaraq ayda bir dəfə görüşərək fikir mübadiləsi edərək uşaqların inkişafını mütəxəssilərin iştirakı ilə müzakirə edə biləcəklər.